cümə, 09 yanvar 2026

DÜNYA FUTBOLU

“Yuventus”un şeş-qoşası

27.05.2017 15:16 Oxundu 1992

Bir taleyin oyununda cütlənmiş zərik,
100 il qoşa atılsaq da, qoşa düşmərik...


Bu, hissi, həyəcanı, döyüntüsü, məhəbbəti qoşa olan ürəklərin əbədi hicranı barədə bir şair qəlbinin çırpıntılarından süzülən hüzünlü tale hökmünün təsviridi. İndi sizə söyləyəcəyimiz kiçik hekayədə də bu hisslərin hamısı əks olunub. Bir az fərqli və daha xoş sonluqla. Ağ-qara fonda...

Cəmi bir həftə əvvəl “Yuventus” İtaliya futbolunun tarixindəki mövqeyini daha bir rekordla möhkəmləndirdi. Ardıcıl 6-cı skudetto. Bu, “byankoneri”nin uzun illər əvvəl qazandığı bir nəticənin daha yaxşılaşdırılması faktından əlavə, həm də klubun təkamül yolunda olduğunun sübutudur.

Amma “Yuventus”un bütövlükdə əldə etdiyi uğura həm də ayrı-ayrılıqda futbolçular kontekstindən baxmaq mümkündür. Və bunun üçün tutarlı əsas da var.

Buffon, Barzaqli, Bonuççi, Kyellini, Markizio və Lixtştayner. Hətta bu mövsümkü “qızıl dubl” olmasa belə, bu futbolçuların “Yuventus” tarixində bu və ya digər şəkildə müəyyən izlər qoyması mübahisə predmeti ola bilməz. Lakin bu “6-lıq” klubun tarixində həm də ardıcıl 6 çempionluq qazanmış futbolçu kimi öz fəxri yerini tutub.

6-ların bir az qəribə görünən ardıcıllığı da diqqətdən yayınmır, eləmi?!
Əsrlər öncə insanlar coğrafi cəhətləri söyləyərkən indi adət etdiyimiz kimi 4 istiqaməti – Şimal, Cənub, Qərb, Şərq – göstərmirdilər. Bu say 6-ya bərabər idi. “Aşağı” və “yuxarı” da digər istiqamətlər kimi cəhətlərin siyahısına daxil idi...

“Aşağıda” və “yuxarı”da olmaq həm də “Yuventus”un taleyidir. Formasındakı iki rəng zaman-zaman klubun yaşadıqlarının inikasıdır həm də. 10 il əvvəl yuvarladıldığı “aşağıdan” gələn klub bu gün “yuxarı”da olmağın ardıcıl 6-cı sevincini yaşayır. Heyətindəki 6 futbolçu kimi...

Bəlkə bu rekord da yenilənəcək, bəlkə gələcəkdə ardıcıl çempionluqların sayı da dəyişəcək. Amma biz hələ ki bu günün reallığını yaşayırıq. Və “Yuventus” adının qarşısında istər-istəməz qoşa 6 rəqəmi canlanır. Ardıcıl 6 çempionluq və bu yolu klubla birgə keçmiş 6 futbolçu. “Yuventus”un şeş qoşası. Tale bu zəri necə atır-atsın, bu iki altının qoşa düşməmək ehtimalı yoxdur..

FİRUZ ABDULLA