
2017-18 mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qəbələ”, “İnter” və “Zirə”nin bütün potensial rəqibləri bəllidi. "apasport"un məlumatına görə, həmçinin komandalarımızı növbəti mərhələlərdə gözləyən komandalar da müəyyənləşib. Xüsusən də, III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq klubların adları Premyer Liqa iştirakçılarını hansı çətinliklərin gözlədiyini göstərir. Düzdü, bura gəlib çıxmaq üçün “İnter” və “Zirə” 2, “Qəbələ” isə 1 rəqibini yarışdan kənarlaşdırmalıdı. Hazırkı məqamda yalnız sonuncuların bunu bacaracağına inanmaq olar.
Çünki heyəti getdikcə zəifləyən paytaxt təmsilçilərinin indiki vəziyyətdə iki mərhələ keçmələri real görünmür. Təbii ki, püşkdə düşəcək rəqiblərdən də çox şey asılı olacaq. Ancaq istənilən halda “Qəbələ”nin işi nisbətən asandı. Çünki II mərhələdən yarışa qoşulacaq “qırmızı-qaralar” səpələnmişlərdə yer alacaq ki, bu da nisbətən zəif komanda ilə qarşılaşmaq imkanı yaradır.
Son iki mövsümdə qrupa qədər irəliləyən Roman Qriqorçukun yetirmələri bu dəfə də uğurlu başlanğıc etsələr, III mərhələdə Avropanın tanınmış klublarından birini ölkəmizə gətirə bilər. Ancaq III mərhələnin püşkatma mərasimi iyulun 14-də keçiriləcəyindən, indidən mülahizələr yürütmək çətindi.
II mərhələnin matçlarından sonra 33 qalib yoluna davam edəcək və orda onları 25 klub gözləyəcək. III mərhələdə 58 komanda iki səbətə bölünəcək. Səpələnmişlərdə qərar tutacaq “29-luq”dan 19-u artıq bəllidi. Yalnız “Aleksandriya”, “Olimpik” (hər ikisi Ukrayna), “Ostende” (Belçika), “Dinamo” (Buxarest), “Universitatea” (hər ikisi Rumıniya) və “Arka”nın (Polşa) zəiflərin sırasında olacağı dəqiqdi. Yəni bu mərhələyə qədər irəliləyəcək Azərbaycan təmsilçiləri adları sadalanan komandalarla qarşılaşmayacaq.
Klublarımızın III mərhələdəki potensial rəqiblər isə bunlardı: “Bordo”, “Marsel” (hər ikisi Fransa), “Zenit”, “Krasnodar” (hər ikisi Rusiya), “Braqa”, “Maritimo” (hər ikisi Portuqaliya), PAOK, “Panatinaikos” (hər ikisi Yunanıstan), “Atletik” (İspaniya), “Fənərbaxça” (Türkiyə), “Sparta” (Çexiya), “Milan” (İtaliya), PSV (Hollandiya), “Gent” (Belçika), “Everton” (İngiltərə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Frayburq” (Almaniya), “Austriya” (Avstriya), “Syon” (İsveçrə).
Qeyd edək ki, Avropa Liqasında ilk iki mərhələnin püşkü iyunun 19-da atılacaq.