
Birvaxtlar ölkə futbolunun əsas simalarından sayılan Vaqif Cavadova hazırda yaxın duran yoxdur. Məsələ ilə bağlı "Futbol plus"a danışan atası Füzuli Cavadov bildirib ki, oğlu ilə nəinki "Səbail", heç I Divizion klubları da maraqlanmır.
Bir sözlə, ötən mövsümün ilk yarısını “Sumqayıt”da, ikinci yarısını isə AZAL-da keçirən təcrübəli futbolçu hazırda “havada qalıb”: “Bilirsiz ki, hazırda ölkə futbolunda böyük fasilə yaranıb. Hamı istirahətdədi. Vaqif Bakıdadı, dincəlir. Arada özü üçün fərdi məşq edir. O da formada qalmaq üçün. Təklif yoxdu. Təəssüf ki, belədi. Ona görə də onun hansı kluba keçəcəyi haqda nəsə danışa bilmərəm. Nə ölkə daxilindən, nə də xaricdən onunla maraqlanan olub. Lakin həm özü, həm də mən axtarışları davam etdiririk. Maraqlanırıq, görək Vaqif hansı klubda oynaya bilər? “Səbail” variantı, ümumiyyətlə, yoxdu. Özüm də bunu mətbuatdan oxumuşam. Lakin nə klub rəhbərliyindən, nə də baş məşqçi Samir Əliyevdən təklif gəlib. Kimsə yazır. Lakin bunlar yanlış məlumatlardı. Konkret nəsə olsa, kimdənsə gizlətmərik. Birinci divizion klublarından da əlaqə saxlayan olmayıb. Ola bilər ki, özü ilə danışıb kimsə. Lakin mənim heç nədən xəbərim yoxdu. Həm də özü aşağı dəstədə oynamağa razı olmaz. Yəni onlarla danışmaq mənasızdı”. rekord