
Bir sıra aparıcı futbolçuların “Qəbələ”ni tərk etməsi gələcəyə ümidlə baxmağı şübhə altına salır. Sergey Zenyov, Daniel Subotiç, Nika Kvekveskiri, Rəşad Sadiqov kimilərin ayrılmasını anlamaq çətindi. Deyək ki, Nika “Tobol”un maliyyə şərtlərini uyğun sayıb getdi, Subotiç uzun müddətə sıradan çıxdığından rəhbərlik riskə getmək istəmədi. Zenyov da mütləq ki, hansısa mənada baş məşqçini qane etmirdi. Bəs Rəşad? Axı ən təcrübəli futbolçu sayılırdı. Meydanın mərkəzində fayda verirdi. Hətta Roman Qriqorçuk da müsahibələrinin birində ardıcıl xal itkilərini Sadiqovun yoxluğu ilə əlaqələndirmişdi. İki gün əvvəl Zaur Əzizovla müsahibədə Rəşadın məsələsinə aydınlıq gətirmək istəyəndə, klubun meneceri xırdalıqlara varmağı vacib bilməmişdi. Qarşılıqlı razılıq əsasında qərar qəbul olunduğunu demişdi. Əsl səbəbi öyrənmək üçün bu dəfə səbəbkarın özüylə əlaqə saxladıq.
- “Qəbələ”dən ayrılmağının səbəbi heç kimə məlum deyil. Özün getmək istədin, yoxsa klubun qərarı idi?
- Bu haqda danışmağın mənası yoxdu. “Qəbələ” ilə yollarımız ayrıldı. İki ilyarım ərzində yaxşı günlərimiz oldu. Çempionluq hədəfinə çata bilməsək də, ardıcıl iki mövsüm Avroliqanın qrup mərhələsində oynadıq, çempionatda varlığımızı göstərməyə çalışdıq. Çəkilən əziyyətə görə məşqçilər heyətinə, klub rəhbərliyinə və bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Bundan sonra “Zirə”nin uğurları haqda düşünməliyəm.
- Sualım cavabsız qaldı...
- Dediyim kimi, danışmaqla heç nə dəyişməyəcək. Belə oldusa, deməli, yaxşısı bu imiş.
- Zaur Əzizovun qəzetimizə müsahibəsində işlətdiyi sözlər xüsusi diqqət çəkir: “Rəşadla xoş münasibətlə ayrıldıq, arada hansısa narazılıq olmadı. Komandada qala da bilərdi. Özü ilə razılaşmışıq deyə, bu məsələ haqda ətraflı danışmaq istəmirəm”. Hiss olunur ki, hansısa məqamda fikir ayrılığı yaranıb.
- Mənimlə heç bir danışıq olmamışdı. Olsaydı, razılığa gələrdik. Mən pul söhbəti eləmirəm. “Zirə”ylə müqavilə bağlayanda da maddi planda ciddi söhbət etmədik. Rəhbərlikdən, məşqçilər heyətindən, azarkeşlərdən çox razıyam. Sadəcə, yeni müqavilə ilə bağlı təklif olmadı.
- Mövsüm başa çatandan sonra “Qəbələ” rəsmilərindən kiminlə danışmısan?
- Heç kimlə. Desəydilər ki, büdcə aşağıdı, gəl, 1000, ya da 3000 manata oyna, razılaşardım. Amma belə bir təklif də olmadı.
- Dediyin pul qarşılığında oynayardın?
- Bu dəqiqə mənim üçün pul vacib deyil. Ən böyük arzum “Qəbələ”ylə yenidən avrokuboklarda çıxış etmək və qrup mərhələsinə vəsiqə qazanmaq idi. Təklif olsaydı, qalıb, can-başla oynayardım. Heç kim deyə bilməz ki, Rəşad pula görə getdi. Heç kim deyə bilməz ki, Rəşad pul söhbəti edib, qiymət danışıb. Məbləğ deyiblər, qol çəkmişəm. Yəni ayrılmağımda maliyyənin rolu yoxdu. Məşqçi istəmədi, rəhbərlik razı olmadı – deyə bilmərəm. Faktiki yeni müqavilə təklif olunmadı.
- Onda Zaur bəy niyə desin ki, xoş münasibətlə ayrıldıq, arada narazılıq olmadı?
- Təklif etmədilər, mən də zəng vurub soruşmadım. Yəqin bunu nəzərdə tutub. Başa düşdüm ki, xidmətimə ehtiyac duyulmur. Ya da ola bilsin, maddi məsələni nəzərdə tutur. Çünki pul məsələsində indiyə qədər aramızda narazılıq olmayıb. Nə qədər alacağım vardısa, hamısını veriblər. Sadəcə, “Qəbələ” azarkeşləri elə fikirləşməsin ki, Rəşad nəyəsə razı olmayıb getdi. Mən qalıb, komandaya kömək etmək istəyirdim.
- Qriqorçukla münasibətin necə idi?
- Çox yaxşıydı, hətta “əla” deyərdim. Özü də xətrimi çox istəyirdi.
- Baş məşqçi ilə münasibətin qaydasında olub, pulla bağlı narazılıq yaşanmayıb. Belədə komandada qalmağın niyə məqsədəuyğun sayılmasın ki?
- Açığı, maraqlanmadım da. Çünki buna ehtiyac görmürəm. İstəmirlərsə, məcbur edə bilmərəm. “Qəbələ”yə Avroliqada və çempionatda uğurlar arzulayıram. İnşallah, hədəfə çatarlar.
- “Rəşad qocalıb” kimi düşünənlərə sözün var? Son vaxtlar yaşını ön plana çəkənlər var.
- Mən sözümü qəzet səhifəsində yox, meydanda deməyi sevən adamam. İnşallah, mövsüm başlasın, görəcəklər. Qocalıb-qocalmadığımı yaşıl meydanlarda göstərəcəm, dildə yox. Demirəm “Zirə”ylə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacağıq. Elə futbolçular var ki, avrokubok həyəcanını hiss etməyib, təcrübəsi yoxdu. Amma bacardığımızın ən yaxşısını edəcəyik. Məncə, iki mərhələ adlamaq debütant komanda üçün uğur sayılar. İnşallah, bunu bacararıq.
- 33 yaş. Bundan sonra neçə il oynamaq fikrin var?
- Bu il oynayacam, tempi saxlaya bilsəm, davam edəcəm. Yox, görsəm ki, “dartmıram”, fayda verə bilmirəm, özüm gedəcəm. Hələ özümdə güc hiss edirəm. Son mövsümdə üç “cəbhə”də 30-dan artıq oyun keçirdim. Üstəlik, ağır mövsümdən sonra İslam Həmrəyliyi Oyunlarında 13 gün ərzində 5 görüşdə forma geydim. Bir oyun xaric, digərlərində 90 dəqiqə meydanda oldum. Gücüm tükənsə, baş aldatmaram, futbolla qurtararam.
mənbə: "Futbol plus" qəzeti