
“Haqqımda çox şey yazılır, ancaq uzun müddəti ki, yeni bir şey yoxdu. Son 20 gündə milli komanda ilə birlikdə olmuşam”. Bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiya mətbuatına açıqlama verən təcrübəli mütəxəssis “Bursaspor”dan təklif alması məsələsinə aydınlıq gətirib. O, Türkiyə klubu barədə düşünmədiyini söyləyib: “Avstriyada təlim-məşq toplanışında olduq və indi Bakıda son hazırlıqlarımızı görürük. Şənbə günü Şimali İrlandiya ilə çox vacib oyuna çıxacağıq. Düzdü, “Bursaspor”la 3 ay əvvəl əlaqə qurulmuşdu. Mənim Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə DÇ-2018-in seçmə mərhələsinin sonuna qədər müqaviləm var”.
Prosineçki sabahkı qarşılaşmada qələbəyə ümid etdiyini bildirib və qrup ikinciliyi uğrunda mübarizə aparmağın ən yaxşı yolunun bu olduğunu vurğulayıb: “İndi bütün diqqətimizi Şimali İrlandiya ilə oyuna yönəltmişik. Qələbə qazansaq, qrupda ikinci pilləyə yüksələ bilərik. Köklənməyimizə kənar amillərin təsir etməsini istəmirəm. Sonrasına baxarıq”.
48 yaşlı mütəxəssis Azərbaycan yığması ilə uğurlu işlər gördüyünü də sözlərinə əlavə edib: “Burda artıq böyük işlər görmüşük. Bundan yaxşısı ola bilməzdi. Yığmanın “sükanı arxası”na keçəndə komanda FİFA reytinqində 132-ci pillədə idi. Hazırda isə 76-cı yerdə qərarlaşırıq”.