çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

Maksim Medvedev: "Şanslarımız azalsa da, ümidimiz qalıb"

11.06.2017 11:22 Oxundu 1787

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan millimiz son dəqiqədə buraxdığı qolla 0:1 hesablı məğlubiyyətə üzüldü. Matçdan sonra yığmanın müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb

- Oyun haqda danışmaq çətin deyil?

- Oyun olaraq üstünlük tərəfimizdə idi. Amma son dəqiqələrdə, hətta saniyələrdə qol buraxmaq komanda üçün böyük zərbədi.

- Əksər hallarda arxaya ötürmələr çox olurdu. Hücum qurmaqda çətinlik çəkirdiniz, yoxsa bu, baş məşqçinin tapşırığı idi?

- Topu irəli ötürüb itirməkdənsə, özümüzdə saxlayıb, oyuna nəzarət edirdik. Dəqiqəbaşı topu itirmək yaxşı hal olmazdı. Məcbur edirdik ki, onlar topun arxasınca çox qaçsınlar, yorulsunlar. Biz də əks-hücumlara çıxırdıq. İnanıram ki, oyunumuz alındı. Çünki zaman-zaman rəqib əsəbləşirdi, futbolçuları bir-birinə qəşqırırdı. Bizim hücumlarımız da pis alınmırdı. Qol vurmaq üçün imkan tapırdıq. Amma yaratdığımız imkanları düzgün istifadə edə bilmədik.

- Rəqib üçün hansı sürprizləri hazırlamışdınız?

- Bunu baş məşqçi deyirdi. Komanda oyuna yaxşı hazırlamışdı. Onlardan üstün oyun nümayiş etdirdik, qol imkanlarımız da çox oldu. Ola bilsin, sürprizimiz bu idi.

- Komanda seçmə mərhələyə yaxşı başlamışdı. Hətta azarkeşlər də həvəslənmişdi. Amma bu məğlubiyyətdən sonra şanslarımız xeyli azaldı…

- Şanslarımız azalsa da, ümidimiz qalıb. Qarşıda 4 matçımız var. Vacib olan oyunumuzu yaxşılaşdırmaq, bu qarşılaşmalarda yaratdığımız qol epziodlarından maksimum istifadə etməkdi. Bunun üzərində işləməliyik. Gələcəkdə belə problemləri yaşamamalıyıq.

- Hakimliklə bağlı nə deyə bilərsiniz?

- Rəqibimiz ingilis oyun üslubuna üstünlük vermişdi. Meydançamız da buna imkan verirdi ki, bacarığını maksimum nümayiş etdirsin. Amma hakim bəzən xırda epizodları saxlayırdı. Nəticədə əsəbləşirdik.

- Son dəqiqələrdə nə baş verdi ki, qolu buraxdıq?

- Müəyyən qədər yorğunluq yarandı. Rəqib də ənənəsinə sadiq qalaraq hava ötürməsindən istifadə etdi. Cərimə meydançasına daxil olan futbolçu isə şansını qaçırmadı.