
Milli komandamızın baş məşqçisi Robert Prosineçki bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcək. Bunu AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib. Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında AFFA rəhbərliyi ilə millimizdəki gələcək karyerası ilə bağlı görüşəcəyini deyib. M.Nərimanoğlu isə bunun ənənəvi görüş olduğunu bildirib: "Bizdə belə bir ənənə var ki, millinin baş məşqçisi hər oyundan sonra hesabat verir. Bu, bütün baş məşqçilərin dövründə belə olub. Görüşün məqsədi Şimali İrlandiya ilə oyunu soyuq başla müzakirə etmək və hesabat verməkdir".
AFFA rəsmisi Prosineçkinin ən azı bu ilin dekabr ayına qədər millimizdə qalacağını da əlavə edib: "Prosineçkinin bizimlə dekabra qədər müqaviləsi var. Müqaviləsi başa çatanadək millidəki işini davam etdirəcək".