
İspaniya prokurorluğu “Real” Madridin və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldoya qarşı vergidən yayınma ilə əlaqədar məhkəmədə iddia qaldırıb. Məlumata görə, iddia vergi orqanlarının hesabatına əsaslanıb. İttihama əsasən, K. Ronaldo 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınıb. Prokurorluğun bəyanatında iddia edilir ki, futbolçu imic haqlarının reallaşdırılmasından əldə edilən real gəlirləri gizlətmək üçün 2010-cu ildə yaradılmış biznes-strukturdan istifadə edib.
Prokurorluq iddia edir ki, K. Ronaldo vergi orqanlarını 2011-ci iildə 1,4 milyon avro, 2012-ci ildə 1,7 milyon avro, 2013-cü ildə 3,2 milyon avro və 2014-cü ildə 8,5 milyon avro məbləğində aldadıb. Hücumçu 5 il müddətinədək azadlıqdan məhrum edilə bilər.