
Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsinin son ev oyununu Çexiya millisinə qarşı keçirdi və 1:2 hesabı ilə məğlub oldu. Qarşılaşmadan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqova milli karyerasını başa vurması ilə əlaqədar hədiyyə təqdim etdi, millidə keçirdiyi oyunlara görə futbol ictimaiyyəti adından futbolçuya minnətdarlığını bildirdi. Lakin bu mərasim kapitan üçün yalnız bir təsəlli oldu.
Oyundan sonra jurnalistlərə verdiyi müsahibədə Rəşad Sadıqov karyerasını məğlubiyyətlə bitirdiyinə görə məyus olduğunu bildirdi.
- Matç barədə təəssüratlarını bölüşərdin...
- Oyundan qabaq da qeyd etmişdim ki, Çexiya güclü rəqibdir. Mən fikrimin üstündə qalıram ki, Çexiya Şimali İrlandiyadan qat-qat üstün komandadır. Rəqib səviyyəsini ortaya qoydu və qalib gəldi.
- 16 il yığmada oynayan futbolçunun gedişi belə olmamalı idi…
- Məğlubiyyəti həzm edə bilmirəm. Bu gün qələbə istəyirdim. Alınmadı. Ona görə məyusam.