
DÇ-2018-in seçmə mərhələsində sonuncu oyununu millimizə qarşı keçirəcək Almaniya yığması meydana itki ilə çıxacaq. Bundestim Toni Kroosun xidmətindən yararlana bilməyəcək.
Bu barədə Almaniya Futbol İttifaqının saytı rəsmi məlumat yayıb.
Bildirilir ki, Madrid “Real”ının üzvü Şimali İrlandiya ilə matçda (3:1) zədələnib. Həmin görüşdə 90 dəqiqə meydanda olan Kroos oyundan sonra qabırğasında ağrı hiss edib. Buna görə də, həkimlər 27 yaşlı yarımmüdafiəçinin Azərbaycan yığması ilə matçda iştirakına icazə verməyiblər. Təcrübəli futbolçu zədəsini “Real”ın düşərgəsində sağaldacaq.
Kroosun sıradan çıxması Almaniya yığmasının baş məşqçisi Yoahim Lövü məyus edib: “Toninin necə futbolçu olduğunu yaxşı bilirik. O, milli üçün vacib oyunçudu. Kroosa həmişə etibar etmişik. Onun növbəti ildə də yaxşı vəziyyətdə və sağlam olması bizim üçün önəmlidi”.
Qeyd edək ki, Almaniya – Azərbaycan matçı oktyabrın 8-də keçiriləcək. Apasport