cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Mahir Şükürova borcunu ödəyən Türkiyə klubu FIFA-nın cəzasından qurtulub

06.02.2018 14:20 Oxundu 3043

Türkiyənin “Karşıyaka” klubu Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürova olan borcunu ödəyib.

“Report” "Doğan" agentliyinə istinadən xəbər verir ki, 2014/2015 mövsümündə İzmir təmsilçinin heyətində 19 oyun keçirən veteran müdafiəçi qarşı tərəfə güzəştə gedərək, alacağının 2/3-dən imtina edib.

Həmin vaxt Şükürova olan 293 min dollar borcu faizləri ilə birgə 1,5 milyon lirəyə yüksəlib. Daha əvvəl 2017-ci ilin dekabrınadək əlavə vaxt alınsa da, FIFA ötən həftə 6 xalın silinməsinə dair qərar çıxarıb. Lakin azərbaycanlı futbolçunun bileti alınaraq İzmirə gətirilib. Nəticədə tərəflər 500 min lirə (235 min manat) qarşılığında razılıq əldə ediblər və “Karşıyaka” son anda 6 xalının silinməsində qurtulub.

Klubun vitse-prezidenti Gökhan Şensan Şükürovla qarşılıqlı razılıq əsasında 6 xalın silinməsindən qurtulduqlarını deyib: "Mahir alacağının 2/3 hissəsindən imtina etdi. Xalların silinmə təhlükəsindən qoyulmuş müddət bitməmiş qurtulduq. Alacağı olan digər futbolçulardan da eyni addımı atmalarını gözləyirik. Onlara da borcumuzu ödəyərək, işlərini bağlamaq niyyətindəyik".

Qeyd edək ki, hazırda Türkiyə çempionatının səviyyəcə III liqasında çıxış edən “Karşıyaka” 20 turdan sonra 15 xalla 16-cı pillədə qərarlaşıb. Ötən mövsüm “Neftçi”də məşqçiliyə başlayan Şükürov qısa müddətdən sonra klubdan ayrılıb. O, hazırda şəxsi biznesi ilə məşğuldur.