1923
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə irəliləyərək 253 xalla 137-ci pillədə qərarlaşıb. Komandamız bu mövqeni eyni xala malik Anqola ilə bölüşür. Robert Prosineçkinin yetirmələri ötən ayın 2-də açıqlanan siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Buna səbəb komandamızın 1 xal qazanmasıdı.
Yığmamız hesabat dövründə Kanada ilə keçirdiyi yoxlama matçındakı 1:1 hesablı heç-heçədən sonra aktivini artırıb. Avstriyada keçirilən təlim-məşq toplanışındakı bu oyunadək yığmamız 252 xalla 138-ci yerdə idi. Komandamız ötən ayla müqayisədə 14 pillə geriləyən Sudanı və mövqeyini 6 addım pisləşdirən Vyetnamı arxada qoyub. Əvəzində sıçrayışa nail olan Kurasaodan geri düşüb.
Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişiklik olmayıb. İlk “beşlik” toxunulmaz qalıbsa, Fransa ilə İtaliya 10 ən yaxşı arasına yüksəlib. Uruqvayla Avstriya isə mövqeyini əldən verərək aşağı pillələrə düşüb. AÇ-2016-nın qalibi Portuqaliya isə 2 pillə yüksəlmək sayəsində 6-cı yerədək irəliləyib.
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya və San-Marinonun mövqeyi dəyişməyib. Çexiya, Şimali İrlandiya geri, Norveç isə irəli addım atıb.
Qeyd edək ki, qonşu Türkiyə yığması Macarıstanla birlikdə 19-cu yerə şərikdi. 1 pillə geriləyən “ay-ulduzlular” 915 xala malikdi.