şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Nəhənglərlə ayaqlaşan “Qarabağ”

10.04.2018 10:26 Oxundu 2535


Topaz Premyer Liqasında mövsümün sonuna 6 tur qalsa da, “Qarabağ”ın çempionluğu şübhə doğurmur. Qurban Qurbanovun yetirmələrini ardıcıl 5-ci çempionluqdan yalnız möcüzə məhrum edə bilər. 12 xal üstünlüyə malik Ağdam klubu qızıl medalları qazansa, Avropanın dəyişməz çempionları sırasına düşəcək. Söhbət ən azı son 5 çempionatda birinciliyi heç kimə güzəştə getməyən nəhənglərdən gedir. Təbii ki, komandaların öz ölkələrindəki nəhəngliyi nəzərdə tutulur. Hazırda Avropanın yalnız 9 ölkəsində eyni klub 5 və daha çox mövsümdə qızıl medal qazanıb. Bu siyahıya BATE başçılıq edir. 12 ildi Belarusun “1 nömrə”si olan Borisov klubu TNS və “Bazel”i 4 çempionluq qabaqlayır. Sonuncular gələn ay bitəcək İsveçrə çempionatında seriyasının qırılmasına üzülməyə yaxındı. Bununla, bazellilər siyahıdakı yerini itirəcək. TNS isə 8-ci zəfərini ötən ay bayram edib. Ümumiyyətlə, 5 və daha çox çempionluq seriyasına malik 9 komandadan ikisi – TNS və “Bavariya” cari mövsümdə qızıl medallara yiyələnib. Bu nəhənglərə qoşulmağa 5 namizəd var. Ardıcıl 4 çempionluğu olanlardan biri “Qarabağ”dısa, “Benfika” Portuqaliyada, “Zalsburq” Avstriyada, “Santa Koloma” Andorrada, “Astana” isə Qazaxıstanda “5”ə çata bilər. Sonuncular bunun üçün ilin sonunu gözləməlidi. Çünki orada yarış “yaz-payız” sistemi ilə keçirilir.

Avropa ölkələrində dəyişməz çempionlar

1. BATE (Belarus) - 12

2-3. “Bazel” (İsveçrə) – 8

TNS (Uels) – 8

4. “Olimpiakos” (Yunanıstan) – 7

5-8. “Seltik” (Şotlandiya) – 6

“Yuventus” (İtaliya) – 6

“Lüdoqorets” (Bolqarıstan) – 6

“Bavariya” (Almaniya) - 6

9. APOEL (Kipr) – 5

Apasport