cümə, 29 mart 2024

BİZİM FUTBOL

Qurban Qurbanovun yadından çıxmayan qarşılaşma

16.04.2018 17:20 Oxundu 3063

AVRO-2020-nin final mərhələsinə vəsiqə verən Millətlər Liqasına hazırlıq məqsədilə Qazaxıstanla yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisi bu rəqiblə 10-cu dəfə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, iyunun 5-də Astanada keçiriləcək görüşədək komandalar 9 dəfə münasibətlərini ayırd edib.

İlk belə görüş 25 il öncə baş tutub. İranda keçirilən beynəlxalq turnirə gənclərdən ibarət komanda ilə qatılan Qazaxıstan yığması millimizlə məhsuldar heç-heçə edib. Həmin qarşılaşma yığmamızın indiki baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar oyundu. Belə ki, komandamızın tarixinə ən yaxşı bombardir kimi düşən sabiq hücumçu 23 yaşında qol hesabını açıb. O, Tehrandakı matçda yığmada həm ilk qolunu vurub, həm də ilk dubluna imza atıb.

Heç-heçəylə başlayan duellər “sülh”sevərliyi ilə diqqət çəkir. 9 matçda 4 bərabərlik qeydə alınıb. İki dəfə qalib gələn Azərbaycan millisi meydanı 3 dəfə məğlub tərk edib.

10-cu yubiley matçına tarazlığı bərpa etmək üçün çıxacaq millimiz top fərqində də geridədi – 10:11.

Arxada qalan 9 matçdan 4-ü seçmə xarakteri daşıyıb. AVRO-2008-ə gedən yolda iki heç-heçə edən komandalar (1:1, 1:1), AVRO-2012 yolunda hərəyə 1 qələbə qazanıb. Yığmamız 2:1, qazaxıstanlılar 3:2 hesabına seviniblər.

İki dəfə Türkiyə, bir dəfə İranda qarşılaşan rəqiblər 5-ci dəfə Qazaxıstanda görüşəcək. Bu ölkənin üç müxtəlif şəhərində baş tutan matçlarda meydan sahibləri 2 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə uduzub. Rəqibimizin evdəki 6 qoluna millimiz 5 dəfə cavab verib. İki komanda arasında bir duel Astanada keçirilib. Həmin görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə əldə edib.

Qeyd edək ki, Azərbaycan yığmasının tarixi ərzində ən çox qarşılaşdığı rəqiblər 10 dəfə üz-üzə gəldiyi Özbəkistanla Moldovadı. Astanadakı görüşdə Qazaxıstan da rekordçu rəqiblərə şərik çıxacaq.

Azərbaycan – Qazaxıstan: Bütün oyunlar

8 iyun 1993. Tehran (İran). BT. Azərbaycan – Qazaxıstan (U-21) – 3:3

28 aprel 2004. Almatı. YO. Qazaxıstan – Azərbaycan – 2:3
6 sentyabr 2006. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan – 1:1
9 mart 2007. Şımkənd. BT. Qazaxıstan – Azərbaycan – 1:0
6 iyun 2007. Almatı. AÇ. Qazaxıstan – Azərbaycan – 1:1
3 fevral 2008. Antalya (Türkiyə). YO. Azərbaycan – Qazaxıstan – 0:0
3 iyun 2011. Astana. AÇ. Qazaxıstan – Azərbaycan – 2:1

6 sentyabr 2011. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan – 3:2

26 mart 2016. Antalya (Türkiyə). YO. Azərbaycan – Qazaxıstan – 0:1