şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

“El-Klasiko”dan sonra: Messi hakimə təzyiq edirdi

07.05.2018 13:07 Oxundu 1834

İspaniya La Liqasının XXXVI turu “El-Klasiko” ilə yadda qalıb.

Əzəli rəqiblər arasındakı növbəti görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, “Barselona” və “Real”ın baş məşqçiləri və futbolçuları oyunla bağlı fikirlərini bölüşüblər:

Ernesto Valverde (“Barselona”nın baş məşqçisi): “Bir neçə mübahisəli epizod var idi, dəqiq bir şey demək üçün təkrarlara baxmaq lazımdı. Robertonun Marselonu vurması mənə təəccüblü gəlir. Televizorda həmin epizodun təkrarını izləmək vacibdi.

Belə oyunda həmişə gərginlik olur. Bugünkü matçda isə ilk dəqiqələrdən etibarən təzyiqi hiss etmək olurdu. Hamımız rəqiblərimizə qalib gəlmək istəyirik.

Qollar bir az erkən vuruldu, ardınca verilən vərəqələr isə vəziyyəti daha da çətinləşdirdi. “Barselona” ikinci hissədə döyüşdü və bir nəfərin yoxluğunu hiss etdirmədi. Hücumdan imtina etmədik. Çox çalışmaq məcburiyyətində idik”.

Luis Suares (“Barselona”): “Epizodda kiçik qayda pozuntusunun olduğunu düşünürəm. Varan topa nəzarət edirdi, mən isə ayağına zərbə endirdim. “El-Klasiko” həmişə belə şərtlər altında oynanılır. Hər iki komanda qələbə qazanmaq istəyirdi, amma sonda bərabərliyə razı olduq.

Təbii ki, qalib gəlmək niyyətindəydik, ancaq Robertonun meydandan qovulması bizə mane oldu. Komanda əla oynasa da, bərabərlik pis nəticə deyil”.

Zinədin Zidan (“Real”ın baş məşqçisi): “Yaxşı oyun keçirdik. Heç-heçənin ədalətli nəticə olduğunu və ya hansısa komandanın qələbəyə layiq futbol oynadığını deyə bilmərəm. İkinci hissədə bir az tələsdik.

Hakimin işi çətin idi. Artıq hər şey geridə qalıb, nəyisə dəyişmək olmur.

Kriştiano Ronaldonun zədəsinə gəlincə, indilik onun üçün hər şeyin qaydasında olduğunu deyə bilmərəm, ancaq inanıram ki, vəziyyəti ciddi deyil”.

Serxio Ramos (“Real”): “Messi fasilədə hakimə təzyiq edirdi. Bilmirəm, orada kamera var, ya yox. İkinci hissədə referinin fərqli qərarlar verməsinin bu məsələ ilə əlaqəsinin olub-olmadığını da dəqiq deyə bilmərəm. Bu, futboldu, hər şey meydanda qalmalıdı. Sənə zərəri dəymədiyi müddətcə, qərarlara hörmətlə yanaşmalısan”.

Kazemiro (“Real”): “Oyunun gedişatına biz nəzarət edirdik. Kriştianonun meydandan çıxmasıyla bir az zəiflədik. Hakim isə Marseloya qarşı təmiz qayda pozuntusu olsa da, penalti təyin etmədi”.