çərşənbə axşamı, 30 aprel 2024

DÜNYA FUTBOLU

Çempionlar Liqası formatının dəyişdirilməsi təklif olunur

24.05.2018 12:27 Oxundu 1552

Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti Andrea Anyelli futbol üzrə Çempionlar Liqasının formatının dəyişdirilməsini təklif edib. “The Guardian” xəbər verir ki, İtaliya “Yuventus”nun da prezidenti olan Anyelli qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində çıxış edən klubların 8 deyil, 4 qrupda mübarizə aparmasının tərəfdarı olduğunu vurğulayıb. O, dəyişikliyin beynəlxalq oyunların sayının artırılması üçün edilməli olduğunu düşünür: “Hamımız daha çox beynəlxalq və az sayda daxili oyunların keçirilməsinin tərədarıyıq. Bununla yanaşı, matçların ümumi sayının azalması da nəzərə alınmalıdır. Bütün klublar brendlərinin inkişafı üçün daha çox avrokubok oyunu keçirmək istəyir. Düşünürəm ki, bu, turnirin təbii təkamülüdür. Bu təklifi UEFA, milli assosiasiyalar və klublarla müzakirə etmək istəyirik. Sizi əmin edirəm ki, həmkarlarımın çoxunun məsələyə baxışı eynidir”.

Qeyd edək ki, ECA Avropanın 53 milli assosiasiyasından 220 klubu birləşdirən qurumdur. Təşkilatda Azərbaycanı “Qarabağ”, “Qəbələ” və “Neftçi” klubları təmsil edirlər. (Report)