cümə, 29 mart 2024

BİZİM FUTBOL

Nazim Süleymanov: "İşləyiriksə, qarşımıza Avroliqaya vəsiqə məqsədini qoymalıyıq" - MÜSAHİBƏ

08.06.2018 11:20 Oxundu 3150

"Sumqayıt" futbol komandasının yeni baş məşqçisi Nazim Süleymanovun müsahibəsi

- Təyinatınız necə gerçəkləşdi?

- Klub prezidenti Riad Rəfiyevdən dəvət gəldi. Bir neçə dəfə görüşdükdən sonra razılığa gəldik. Dünən axşam isə təyinatım rəsmiləşdi.

- Bu, mayın 30-da qatıldığının "Futbol və Sağlam Həyat" layihəsi zamanı olmuşdu?

- Xeyr. Həmin tədbir vaxtı elə bir söhbət yox idi.

- İlk işiniz nədən ibarət olacaq?

- Müqavilə bağlanılıbsa, demək artıq işə başlamışıq (gülür). İlk növbədə, transfer çalışmaları ilə məşğul olmalıyıq. Sonra isə yay hazırlıq planlarımızı müəyyənləşdirəcəyik. Komandadakı futbolçuların siyahısını əldə etmişəm. Hamısını nəzərdən keçirəcəyəm. İrəlidə vaxtımız da yetərincədir.

- Köməkçiləriniz müəyyənləşib?

- Bu yaxınlarda müəyyənləşdirəcəyik.

- "Sumqayıt" son iki mövsümdə çox yaxın olduğu Avropa Liqasına vəsiqə şansını əldən verdi. Sizcə, bunun üçün nə çatmadı?

- Komanda, xüsusən, ötən mövsüm yaxşı təsir bağışlayırdı. Klub finişə yaxın 3-cü pilləyə yüksəlmişdi. Sadəcə, son oyunlarda hansısa nüansların təsirləri oldu və "Sumqayıt" Avroliqaya vəsiqə qazana bilmədi. Hərçənd, buna şansları var idi.

- Bəs 2018-2019 mövsümündə hədəfiniz nədən ibarət olacaq?

- Rəhbərliklə bu barədə də müzakirə apardıq. Belə razılaşdıq ki, işləyiriksə, qarşımıza Avroliqaya vəsiqə məqsədini qoyaq və bunun üçün çalışaq.

- Hazırkı "Sumqayıt"ın buna potensialı var?

- Hələ vaxtımız var. Çalışacağıq ki, komandaya yeni oyunçular dəvət edək. Futbol - kollektiv oyundur. Bəzi oyunçular gedir, yeniləri gəlir. Hər bir komandada hansısa yeniliklər olur. Bu yeniliklər də gərək bəhrəsini versin.

- Yalnız yerli futbolçularla çıxış etmə strategiyası sizə çətinlik yaratmayacaq?

- Strategiya belə müəyyənləşibsə, çalışacağıq ki, azərbaycanlı futbolçularla irəli addımlayaq.

- Lakin əvvəlki baş məşqçi Samir Abasov bunun mümkün olmadığını bildirirdi...

- Hər bir şəxsin fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Samir Abasov yaxşı komanda yaratmışdı. Amma son oyunlarda hansısa zəlzələ və ya vəlvələmi deyim, nə isə oldu. Nəticədə o mövqelər itirildi. Məgər Avroliqaya düşməyə ən potensial namizəd elə "Sumqayıt" deyildimi? Hamı bu komandanı görürdü. Amma çempionat uzun marafondur. Hansısa nüansların olması təbiidir.

- Bu komandanın özəyinin qorunması üçün hansı addımlar atacaqsınız?

- Bəzi oyunçular - Amil Yunanov, Tural Axundov, Rəşad Eyubov, Azər Salahlı komandanı tərk edib. Fərhad Vəliyev isə karyerasını bitirərək, "Səbail"də məşqçilik fəaliyyətinə başlayıb. Bu oyunçulardan başqa qalanlarının hamısı komandadadır. Yəqin ki, yeni transferlər də olacaq. Bu barədə klub prezidenti ilə söhbətimiz olub. Çalışacağıq ki, daha yaxşı komanda formalaşdıraq.

- Əfran İsmayılov, Elvin Məmmədov və Şəhriyar Əliyevin adı sizin komanda ilə hallanır...

- Fikrimcə, hər bir baş məşqçi belə bir futbolçuları Azərbaycan çempionatında öz komandasında görmək istərdi. Onlar tanınmış simalar və təcrübəli futbolçulardırlar. Gəlsələr, buna çox sevinərik. Müqavilə bağladığımız vaxt yeni transferlərlə bağlı söhbət etdik. Tezliklə bu barədə daha ətraflı müzakirə aparacağıq.

- Yay hazırlıq planı barədə nə deyə bilərsiniz?

- Komandamız Avroliqaya vəsiqə qazanmadığından, hələ zamanımız var. Rəhbərliklə bu barədə söhbət aparacağıq. Əlbəttə, yəqin ki, Sumqayıtda bir araya gələrək, müəyyən müddət hazırlıq keçdikdən sonra xaricə üz tutacağıq. Hazırlıq prosesini isə Sumqayıtda tamamlayacağıq. Çempionatın nə vaxt başlanacağını bildikdən sonra planlarımız da tam dəqiqləşəcək. Report