
İspaniya La Liqasının 6-cı turunda lider "Barselona" yarış cədvəlinin sonuncu pilləsində gedən "Leqanes"in qonağı olub. Bundan əvvəlki turda doğma divarlar arasında çempionatın autsayderlərindən olan "Jirona"nın müqavimətini qıra bilməyən (2:2) kataloniyalıların bu oyunda asanlıqla qələbə qazanacağı proqnozlaşdırılırdı. Oyunun əvvəli də bu proqnozun doğulacağını vəd edirdi. Belə ki, artq 12-ci dəqiqədə Koutinyonun vurduğu qolla "Barselona" irəli çıxmışdı. Bundan sonra onlar qol imkanlarını sağa-sola xərcləyərək fasiləyə elə bu hesabla yollandılar. İkinci hissə isə gözlənilməz başladı. 52 və 53-cü dəqiqələrdə iki qol vuran "Leqanes" hesabda irəli çıxdı. Bundan sonra "Barselona" oyunun ipini əlindən buraxdı. Meydança sahibləri hətta 3-cü və 4-cü qolları da vura bilərdilər. Kataloniyalılar isə nə qədər hücum etsələr də qapıya zərbə endirə bilmirdilər. Hakimin final fiti sensasiyalı hesabın qeydə alınmasını rəsmiləşdirdi. "Barselona" son iki oyunda cəmi 1 xal toplaya bilib. Bununla belə, kataloniya klubu liderliyini hələ ki, qoruyur. Belə ki, lideri daban-dabana izləyən "Real" da bu turda "Sevilya"ya 0:3 hesabı ilə məğlub olub.