bazar ertəsi, 21 iyul 2025

BİZİM FUTBOL

Rəhman Hacıyev: "İlk sırada möhkəmlənmək istəyiriksə, qalib gəlməliyik"

28.09.2018 12:38 Oxundu 2677

"Neftçi”nin futbolçusu Rəhman Hacıyev klubun rəsmi saytına müsahibə verib. Hazırda komandada çıxış edən futbolçular arasında "Səbail”in qapısından ən çox top keçirən yarımmüdafiəçi "Neftçi”nin nəticə qazanmasını hər şeydən üstün sayır.

- "Səbail”lə oyundan nə gözləyirsiz?

- Zəif rəqib yoxdur. Bunu yaxşı anlayırıq. İlk sırada möhkəmlənmək istəyiriksə, səhvə yol verməməliyik. Qalib gəlməliyik.

- Hazırda liderliyi "Qarabağ”la bölüşürük...

- Düzdür, onlarla xallarımız eynidir. "Səbail” üzərində qələbə qazanıb, liderliyimizi davam etdirməliyik.

- "Səbail”lə indiyədək keçirdiyiniz 4 oyunda 2 qol vurmusuz. Hazırda "Neftçi”də çıxış edən futbolçular arasında bu rəqibin qapısına ən çox yol tapan futbolçusuz...

- Sözün düzü, bu məlumatdan xəbərim yox idi. Hər oyunda komandaya faydalı olmağa çalışıram. Fərqi yoxdur qol vurum və yaxud məhsuldar ötürmə verim. Komandanın nəticə qazanması hər şeydən üstündür.

- Mövsümün əvvəlində əsas heyətə düşməkdə çətinlik çəkirdiniz. İndi isə daha çox şans qazanırsız...

- Düzdür, ilk üç oyunda, demək olar, iştirak etmədim. Amma bu o demək deyil ki, kiminləsə problemim var. Baş məşqçi ilə münasibətlərim çox yaxşıdır. O mənə son oyunlarda güvənir. Mən də öz növbəmdə ona və bütün komandaya güvənirəm. Bu cür atmosferdə oynamaq çox xoşdur.