
“Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək. Təmsilçimiz sabah - sentyabrın 29-da Hollandiyanın paytaxtı Amsterdamda təşkil olunacaq “Glory59” çərçivəsində döyüşəcək. Yarımorta çəki dərəcəsində çıxış edən kikboksçumuz hollandiyalı Eyevan Danenberqlə üz-üzə gələcək. Bu məlumatı "Qələbə" klubunun rəsmi saytı yayıb.
Amsterdamdakı “Yohan Kroyff Arena”da keçiriləcək döyüş Bakı vaxtı saat 23:30-da başlayacaq. Bu gün kikboksçuların çəki mərasimi təşkil olunacaq.
Alim bu çəki dərəcəsində “Glory” reytinqində 2-ci, rəqib isə 4-cü yerdədir. Seriya çərçivəsində keçirdiyi 4 qarşılaşmada 3 qələbə və 1 məğlubiyyəti olan idmançımız ümumilikdə 57-ci döyüşünə çıxacaq. Onun hesabında 49 qələbə və 7 məğlubiyyət var.