bazar ertəsi, 21 iyul 2025

BİZİM FUTBOL

Qurbanov rekorda imza atdı

28.09.2018 13:23 Oxundu 2963

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə düşüb. 46 yaşlı mütəxəssis 1992-ci ildən keçirilən yarışın 26 illik tarixində ən çox qələbə qazanan məşqçi ünvanına yiyələnib. Bu rekord Topaz Premyer Liqasının I turundan təxirə salınan “Zirə” ilə matçda rəsmiləşib. Qurbanov məşqçilik karyerasında keçirdiyi 347-ci qarşılaşmada 205-ci qələbəsini qazanıb. Buna qədər bu rekord 204 qələbə ilə Ağasəlim Mircavadova məxsus idi.

Qeyd edək ki, Mircavadov qazandığı 204 qələbəni “Qarabağ”, “Bakı fəhləsi”, “Şəmkir”, “Neftçi”, “Xəzər Lənkəran” komandalarını çıxardığı 343 çempionat oyununda qazanıb.

Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 2006/07 mövsümündə debüt edib. Onun ilk qələbəsi “Neftçi”dəki debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da Qurbanovun yetirmələri “Gənclərbirliyi”ni məğlubiyyətə uğradıb – 6:1.

Xatırladaq, ölkə çempionatlarının yeni rekordçusu “Zirə” ilə matçda yubiley də qeyd edib. Qurbanov “Qarabağ”ı bütün turnirlərdə (çempionat, kubok, avrokubok) üst-üstə 450-ci oyuna çıxarıb.

Mənbə: pfl.az