
Amerikalı işadamı, Microsoft korporasiyasının həmtəsisçisi Paul Allen, rus işadamı Roman Abramoviçə məxsus olan "Çelsi" klubunu satın almaqda maraqlıdır. Bu barədə İngiltərənin "The Sun" qəzeti xəbər verir.
65 yaşındakı Allen sentyabr ayında Nyu-Yorkda futbol agenti Pini Zahavi ilə görüşərək "Çelsi"nin mümkün satışını müzakirə edib. Qeyd edək ki, Zahavi Abramoviçin yaxın dostudur.
Xatırladaq ki, buna qədər britaniyalı biznesmen Cim Ratkliff London klubunun satın alınması təklifi ilə rus işadamına müraciət edib. Sərvəti 21.05 milyard funt (28.5 milyard dollar) olan Ratkliff, "Çelsi"ni 2 milyard funta (2,68 milyard dollar) almaq istəyirdi. Bu, tarixdə bir idman komandasını satmaq üçün ən bahalı müqavilə olardı. Amma Abramoviç bu təklifi rədd edib. Rus işadamı "Çelsi"ni 3 milyard funta (3,9 milyard dollar) satmağı planlaşdırır.