
Baş məşqçi Roberto Bordin cəzalı olduğu üçün “Səbail”lə oyuna komandanı məşqçi Füzuli Məmmədov çıxarmışdı. Oyundan sonra keçirilən mətbuat konfransında o, oyun haqqında fikirlərini bildiri və jurnalistlərin suallarını cavablandırıb: "Hesabın 4:0 olmasına baxmayaraq, bizim üçün çətin oyun oldu. Yaxşı hazırlaşmışdıq və meydana qələbə qazanmaq üçün çıxmışdıq. Futbolçular tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Baş məşqçimiz Roberto Bordinin adından bütün kollektivə, bizə dəstək olan hər kəsə, azarkeşlərimizə təşəkkür edirəm”.
Sonra məşqçi jurnalistlərin suallarını cavablandırıb. Rəhman Hacıyevin və Namiq Ələskərovun start heyətinə düşə bilməməsinin səbəbi barədə suala mütəxəssis belə cavab verib: "Rəhman da, Namik də bizim üçün dəyərli futbolçulardır. Namik zədədən yeni qayıdıb. Öz üzərində çalışır. Rəhmana gəlincə, bu gün qərar verildi ki, start heyətində Emin Mahmudov oynasın. Ümumiyyətlə, start heyəti futbolçuların həftə ərzində məşqlərdə göstərdikləri nəticələrə görə müəyyənləşir. Kim hazır olursa, əsas heyətdə yer alır. Mirabdulla Abbasova gəlincə, o indi yaxşı formadadır. Ona görə də əsas heyətdə oynayır. Karikari də zəif futbolçu deyil. Lazım olanda start heyətində onu, lazım olanda isə Mirabdullanı buraxırıq. Roberto Bordin bizə yaxın oturmuşdu və bütün tapşırıqları o verirdi. Baş məşqçimiz ortada daha etibarlı oynamağı, rəqibin səhvlərindən istifadə edərək qol vurmağı tapşırmışdı”.