
Avropa Liqasının qrup mərhələsində oktyabrın 4-də “Qarabağ”ın qonağı olacaq “Arsenal” Bakıya itki ilə gələcək.
Cempion.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, “topçular”ın əsas qapıçısı Petr Çex Azərbaycan çempionu ilə qarşılaşmada iştirak etməyəcək. Baş məşqçi Unay Emeri onun yoxluğunda çərçivəni Bernd Lenoya tapşırmaq qərarına gəlib. Almaniyalı qolkiper həm “Qarabağ”, həm də Premyer Liqanın növbəti turunda “Fulhem”lə matçda Çexi əvəz edəcək.
Leno bunu özü üçün şans hesab edir: “Çexin nə zaman sağalacağını bilmirəm. Ancaq “Qarabağ” və “Fulhem”lə görüşlərdə öz səviyyəmi ortaya qoymağa çalışacam. İnanıram ki, yaxşı təsir bağışlasam, bundan sonra daha çox oynamaq imkanı əldə edəcəm. Bir sözlə, qarşıdakı oyunlar mənim üçün sıradan olmayacaq”.