
Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah İngiltərə nəhənglərindən “Arsenal”ı qəbul edəcək. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransı keçirib: “Bilirsiniz ki, dünyanın ən güclü çempionatından birində iştirak edən komandaya qarşı oynayacağıq. İngiltərə Premyer Liqasındakı baş məşqçilər də hamıya yaxşı tanışdır. Kiminlə oynayacağımızın fərqindəyik. Rəqibi analiz etmişik. Tarixi olan klubdu, topla oynamağı xoşlayır. Yeni məşqçiləri var. Emerinin avrokuboklarda böyük uğurları var. Onun futbolçulardan çox qol vurmağı tələb etdiyi hiss olunur. Komandada sürətli oyunçuların sayı artıb. Bu da futbolda çox vacibdi. Onlara qarşı təkcə topla yox, hərəkətdə də diqqətli olmalıyıq. Sabah bizi maraqlı oyun gözləyir. Çalışacağıq ki, azarkeşlərimizə yaxşı mübarizə göstərək".
Komandanın heyəti barədə sualı cavablandırarkən Qurbanov deyib: "Bir neçə oyunçumuzun xidmətindən istifadə etməyimiz mümkün deyil. Geryenin keçən həftə zədələndiyini bilirsiniz. Heyəti tam dəqiqləşdirməmişəm. Bu, sabah bəlli olacaq".
Qurbanov rəqibin erməni əsilli futolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsinə də münasibət bildirib:
"İdmana siyasəti qarışdırmaq doğrü deyil. Amma bəzən bunsuz olmur. Belə hallarda hər bir klub öz futbolçusunu qoruyur, əlavə problem haqda düşünmək istəmir. Elə insanlar var ki, müharibədə əzizlərini itiriblər. İstər-istəməz erməni əsilli futbolçuya düşmən kimi baxırlar, emosiyalarını qoruya bilmirlər. Kütlənin içində 10-15 nəfərin etirazı, hamının etirazı deməkdi. Bəlkə də Mixitaryanın Bakıya gəlməməsi daha yaxşıdır. Oyuna görə yox, başqa səbəbləri nəzərdə tuturam".