
Topaz Premyer Liqasının VII turunun “Zirə” – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqcisi Sənan Qurbanov ənənəvi mətbuat konfransına qatılmayıb. Mətbuat konfransında jurnalistlər qarşısına məşqçisi Elmar Baxşıyev çıxıb: “Uduzduğumuz oyunu analiz edib, bu barədə danışmaq çətindir. Bu üzdən çox danışmağa ehtiyac yoxdur. Sanki qara zolaqdayıq. Komanda yaxşı oynamaq, nəticə qazanmaq istəyir, lakin alınmır. Sanki nə isə çatışmır. Bu duruma klub kimi düşmüşük və klub olaraq bir yerdə çıxacağıq. Bu matçda 1 xal qazansaydıq da, razı qalmazdıq. Əvvəlki matçlarla müqayisədə komandada eniş hiss olunur. Həmin qarşılaşmalarda hücumlar edir, istifadə edə bilməsək də qol imkanları yaradırdıq. Amma bugünkü görüş göstərdi ki, komandanı sanki silkələmək, ayıltmaq lazımdır. Matçın protokolunda az oyunçunun adının olması cəzalı və zədəli futbolçularla bağlıdır. Həm də U-19-un oyunu olduğundan gəncləri heyətə qatmamışdıq”.