cümə, 29 mart 2024

BİZİM FUTBOL

Rəşad Sadıqov: “Futbolçularım təslim olmadılar”

17.10.2018 09:32 Oxundu 2090

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində “Marienlist” stadionunda keçirilən Norveç - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı keçirib. Cempion.az saytı xəbər verir ki, gənc mütəxəssis 1:1 hesabı ilə başa çatan görüşün gərgin keçdiyini söyləyib: “Rəqibin gücü, səviyyəsi bəllidir. Oyunun çox hissəsinə meydan sahibi nəzarət edirdi. Biz də komanda şəklində yaxşı müdafiə olunub rəqibi əks-hücumlarda yaxalamağa çalışırdıq. Futbolçularımı inandıqları və sonadək mübarizə apardıqları üçün təbrik edirəm. Oyun çətin keçsə də, təslim olmurdular. Bu, onların gələcəyi üçün çox önəmlidir”. Sadıqov millimizin qapıçısı Kamran İbrahimovu xüsusi fərqləndirib: “Heç vaxt futbolçuları ayırmağı xoşlamıram, amma qapıçımız Kamran İbrahimovu xüsusi təbrik etmək istəyirəm. Bakıdakı uğursuz oyundan sonra bu gün tam əksinə, uğurlu oyun nümayiş etdirdi. Bir neçə epizodda önəmli qurtarışlar etdi”. Çalışdırıcı artıq növbəti seçmə mərhələnin hazırlıqlarına başladıqlarını əlavə edib: “Son dörd oyunda risk edərək 5-6 gənc oyunçunu meydana buraxdıq. Nəticəyə fikir vermədən daim onlara şans verdik. Bu qarşılaşmada da 5 gənc futbolçu oynamaq şansı qazandı. Növbəti seçmə mərhələyə hazırlıq baxımından addımlar atırdıq. Bununla paralel olaraq çalışırdıq ki, milliyə namizəd olan oyunçuları əsas heyətdə oynadaq. Bu barədə daim milli komandanın baş məşqçisi Qurban Qurbanovla müzakirə aparırıq. Son 5 oyunda bir çox oyunçu debüt etmək imkanı qazandı. Əlimizdən gələni edəcəyik ki, növbəti seçmə mərhələyə komandanı daha yaxşı hazırlayaq”.