2070
Rusya idmançısı Darya Klişina gələn ay Rioda keçiriləcək Olimpiya Oyunlarında neytral bayraq altında çıxış edəcəyini bəyan etməsi onu kəskin tənqid dalğası ilə üz-üzə qoyub.
Klişina dopinq qalmaqalına görə bəzi rusiyalı idmançıların Rio Olimpiadasından çıxarıldıqdan sonra idmanın bu növündə çıxış edəcək yeganə idmançıdır.
Uzunluğa tullanmaq üzrə idmançı öz sponsorlarına, məşqçilərinə və Beynəlxalq Atletika Assosiasiyasına dəstək üçün təşəkkür bildirdikdən az sonra, sosial media istifadəçiləri tərəfindən "satqın" adlandırılıb.
"The Guardian" qəzetində nəş olunan məqalədə deyilir ki, beynəlxalq assosiasiya Rusiya idmançılarına qoyulmuş ümumi qadağandan yan keçmək üçün fərdi qaydada iştirak etmək istəyən 67 atletin ərizələrini rədd edib.
Bunlardan yalnız ABŞ tərəfindən dəstəklənən Klişinaya, o dopinq analizindən təmiz çıxdıqdan sonra, Rio Olimpiadasında itirak etmək hüququ verilib.
Klişinadan başqa 800 metrlik məsafəyə qaçışçı Yuliya Stepanovaya da Olimpiadada iştirak etmək icazəsi verilib.
"The Guardian" xatırladır ki, Rusiya idmanında dopinqdən kütləvi istifadə barədə məlumatı məhz Stepanova faş etmişdi.
Nimdaş ittihamlar
Məqalədə deyilir ki, Klişinanın Facebook postuna çox sayda dəstək şərhləri ilə cavab verilsə də, onu "xəyanətinə" görə tənqid atəşinə tutanlar da az olmayıb.
"Arqumentı i faktı" qəzetində bu Facebook ittihamları ilə bağlı dərc olunmuş məqalə "Klişina xalq düşməninə necə çevrildi" adlanır.
"The Guardian" yazır ki, məşhur kremlyönlü jurnalist Dmitri Smirnov Klişinanın hərəkətini müharibə illərində faşistlərlə əməkdaşlıq edən "satqınlarla" müqayisə edib.
Rusiya İstintaq Komitəsinin sözçüsü Vladimir Markin də bənzətmələrdən istifadə edib və deyib ki, Olimpiadada ayrıca çıxış etmək istəyən qızlar Birləşmiş Ştatlara qaçaraq Rusiyanın dopinq sirlərini faş etmiş Qriqori Rodçenkov kimi hərəkət ediblər.
"Əcəb ləyaqətli komanda düzəlir...Stepanova, Klişina...və Qriqori Rodçenkov da onların məşqçisi olar" - yazıb istehza ilə Markin Twitterdə.
Onlar medal qazananda
Məqalədə deyilir ki, bu ittihamlara cavab olaraq Klişina öz qərarını müdafiə edib.
Rusiya vəkillərindən Svetlana Jurova da idmançı qadınları müdafiə edib. O yazır ki, qızların üzərinə əlavə təzyiq etməyə ehtiyac yoxdur.
"Onlar medal qazananda xəcalət çəkən biz olacağıq" - yazır vəkil.
"The Guardian" yazır ki, bir çoxları Rusiya idmançılarının kütləvi dopinq qəbulunun arxasında dövlət orqanlarının durduğu qənaətdindədirlər.
Məqalədə deyilir ki, Rusiya rəsmiləri və idmançıları beynəlxalq dopinq yoxlanışlarından yan keçməyə cəhdlər göstəriblər.
Hazırda Olimpiadada çıxışlarına qadağan qoyulmuş atletlərdən başqa ağırlıq qaldıranların, velosipedçilərin və başqa Rusiya idmançılarının da dopinq yoxlanışından təmiz çıxmayacaqları gözlənilir.
Beynəlxalq Arbitraj Rusiya idmançıları üzərinə qoyulmuş qadağan barədə hökmünü iyulun 21-də verəcək.("The Guardian", "BBC")