
Bu gün Topaz Premyer Liqasında VII turdan təxirə salınmış bir oyun kreçirilib. “ASK-Arena” da “Keşlə” çempion “Qarabağ”ı qəbul edib. Oyun bir neçə baxımdan maraq kəsb edirdi. Belə ki, çempion buna qədər son iki oyunda xan qazana bilməmiş, “Keşlə” isə yeni baş məşqçinin – Tərlan Əhmədovun rəhbərliyi altında ilk oyununa çıxmışdı. “Qarabağ” dalbadal 3-cü oyunda xal itirmək istəmirdi, “Keşlə” isə Tərlan Əhmədovun debüt oyununda xal uğurlu nəticə qazanmaq niyyətində idi. Əslində, komandaların oxşar hədəflər uğurunda mübarizə aparmaq planları maraqlı və baxımlı oyun vəd edirdi. Lakin meydanda bunun əksi müşahidə edildi. Sönük idman mübarizəsi şəraitində keçən birinci hissə qolsuz başa çatdı. İkinci hissə də eyni ssenari ilə başladı. Amma 56-cı dəqiqədə Miçelin qolu ilə “Qarabağ” hesabda irəli çıxdıqdan sonra vəziyyət dəyişdi. “Keşlə” bərabərliyi təmin etmək üçün çəsarətli oyun nümayış etdirməyə başladı və 78-ci dəqiqədə məqsədinə çatdı. Yenidən xal itirmək təhlükəsi qarşısında qalan çempion vəziyyəti dəyişmək üçün birdən-birə Emiqara və Delarjı mübarizəyə atdı. Bundan sonra çətinliklə, müdafiə olunan “Keşlə” son dəqiqələrdə azlıqda qaldı. Buna baxmayaraq “Qarabağ” istədiyi qolu vura bilmədi və son 3 oyunda 8-ci xalını itirdi.
Tərlan Əhmədov üçün isə heç-heçəni uğurlu debüt saymaq olar.