cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Azərbaycanda gimnastika üzrə 3 dünya kuboku, 2 Avropa və 1 dünya çempionatı keçiriləcək

18.11.2018 12:53 Oxundu 2108

Azərbaycan Gimnastika Federasiyası (AGF) Milli Gimnastika Arenasında keçirilən akrobatika üzrə dünya kubokundan sonra bu mövsüm beynəlxalq yarışların təşkilini başa vuracaq. Ancaq dekabrın 2-3-də paytaxtımız Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinə ev sahibliyi edəcək.

Bu sözləri AGF-nin mətbuat katibi Bikə Abdullayeva deyib.

Onun sözlərinə görə, FIG-in ən ali orqanı sayılan Konqresdə iştirak etmək üçün Bakıya 100-dən çox ölkənin rəsmi nümayəndələri - federasiyaların prezidentləri, vitse-prezidentləri, texniki komitənin prezidentləri və üzvləri gələcəklər.

B.Abdullayeva bildirib ki, 2019-cu ildə isə AGF 3 dünya kuboku, 2 Avropa və 1 dünya çempionatını Bakıda təşkil edəcək: “Bunlardan əlavə, Avropa Gənclərinin Yay Olimpiya Festivalı çərçivəsində də gimnastika yarışları keçiriləcək. Bu yarışların da Milli Gimnastika Arenasında təşkil edilməsi planlaşdırılır. Bu, artıq AGF-nin təsdiqlənmiş təqvim planıdır”.

(Azərtac)