çərşənbə axşamı, 15 iyul 2025

BİZİM FUTBOL

Serxio Ramosda dopinq tapıldı

24.11.2018 09:13 Oxundu 2262

Çempionlar Liqasının 2016/17 mövsümünün finalından sonra “Real” Madridin müdafiəçisi Serxio Ramosdan götürülmüş dopinq nümunəsi müsbət nəticə verib. Cempion.azTASS agentliyinə istinadla xəbər verir ki, futbolçunun dopinq nümunəsində qadağan olunmuş deksametazon maddəsinin izləri aşkarlanıb.

UEFA nümayəndələri insidentdən sonra oyunçu ilə əlaqə saxlayıblar, ardından o, klubun həkiminin raportuna istinadla izahat təqdim edib. Ümumdünya Antidopinq Agentliyinin mövcud məcəlləsi idman yarışlarından əvvəl deksametazon maddəsinin qəbul edilməsinə bir şərtlə imkan verir. Belə ki, idmançının hazırlığına görə məsuliyyət daşıyan tibbi heyət preparatın qəbulu barədə əvvəlcədən məlumat verməlidir.

Əgər həkim buna laqeydlik göstəribsə və idmançının qanında deksametazonun izləri tapılıbsa, bu dopinqdən istifadə halı sayıla bilər. Belə olan halda atılmalı olan addım dopinq araşdırılmasına təşəbbüs göstərməkdir. “Yuventus”la oyundan bir həftə əvvəl S. Ramos üçün hazırlanmış tibbi hesabatda həmin maddə barədə məlumat verilməyib.

Buna rəğmən, UEFA oyunçuya qarşı işi bağlayıb, hesab edilib ki, S.Ramos və “Real”ın həkimi sənədləri doldurarkən inzibati səhv buraxa bilərlər. Xatırladaq ki, 2016/17 mövsümünün finalında “Real” və “Yuventus” klubları qarşılaşıblar. 2017-ci il iyunun 3-də Kardiffdə keçitilmiş matç ispanların 4:1 hesablı qələbəsi ilə başa çatıb.