çərşənbə, 16 iyul 2025

BİZİM FUTBOL

"Qəbələ" mübarizəni dayandırdı

28.11.2018 18:27 Oxundu 2217

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” Çempionlar yolunun II mərhələsində cavab matçına çıxıb. Baş məşqçi Emin İmaməliyevin yetirmələri Almaniyada “Herta” ilə qarşılaşıb.

Üç həftə əvvəl evdə keçirilən matçda 1:3 hesabı ilə uduzan “Qəbələ” Belindəki oyuna fəal başlayıb. Artıq 7-ci dəqiqədə əlverişli qol imkanı yaradılsa da, Rauf Məhərrəmov şansdan istifadə etməyib. Az sonra Rauf penalti qazanıb. Lakin Əli Sadıxovun zərbəsini qapıçı dəf edib. İzzət Müştaqovla İdris İnqilablının qapıya endirdiyi zərbələr də yaddaqalan olub. Hissənin ortalarında meydan sahiblərinin həmləsi penalti ilə nəticələnib. Muhammed Kipritə qarşı qayda pozuntusuna görə təyin edilən zərbəni futbolçunun özü dəqiq yerinə yetirib. Hesab açıldıqdan sonra azarkeşlər qarşılıqlı hücumlar izləyib. Abbas Ağazadənin güclü zərbəsini isə rəqib qolkiper çətinliklə dəf edib.

Fasilədə oyunçu dəyişikliklərinə əl atan Almaniya çempionu ikinci hissəyə hücumlarla başlayıb. Bir neçə qol vəziyyəti yaradan meydan sahiblərinin fərqlənməsinə müdafiəçilər və qapıçı imkan verməyib. Emin İmaməliyev əvəzetmələrlə oyunun axarını dəyişib və “qırmızı-qaralar” ön xətdə fəallığı artırıb. Abbas Ağazadə və Samir Qurbanovun yaddaqalan zərbələri hesabı dəyişmək üçün yetərli olmayıb. Rəqib qapıçı Veysəl Rzayevin endirdiyi qüvvətli zərbədən sonra da topu dəf edə bilib. Matçın sonlarında da “qırmızı-qaralar” hücumlarını davam etdirib. Lakin Əli Sadıxov və Veysəl Rzayev hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib. Qarşılıqlı hücumlarla keçən ikinci hissənin son dəqiqələrində də hesab dəyişməyib.

Beləliklə, 0:1 hesabı ilə uduzan “Qəbələ” turnirdə mübarizəni başa vurub.