çərşənbə axşamı, 30 aprel 2024

DİGƏR NÖVLƏR

Prezident Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırıb

13.12.2018 15:58 Oxundu 1889


Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Cempion.az Gənclər və İdman Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, bütün sahələrdə, həmçinin idman sahəsində Azərbaycanın böyük nailiyyətlər qazandığını dedi. İdman sahəsində qazanılan qələbələrdən danışan Prezident İlham Əliyev bildirdi ki, idmançılarımız bu il 800-ə yaxın medal qazanıb, onlardan da 263-ü qızıl medaldır. “Bu qələbələr sadəcə idman qələbəsi deyil. Bu qələbələr cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”, - deyən dövlətimizin başçısı idmançılarımzın həyatda da gözəl nümunə göstərdiklərini diqqətə çatdırdı. Artıq regionlarda 44 olimpiya idman mərkəzinin fəaliyyət göstərdiyini, gələn il 3 belə mərkəzin inşa olunacağını deyən Prezident İlham Əliyev ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsinin artıq ənənəyə çevrildiyini, Azərbaycanın uğurlarının beynəlxalq idman təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyini vurğuladı. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalının, tarixdə ilk dəfə olaraq Bakıda futbol üzrə Avropa liqasının final görüşünün keçiriləcəyini deyən dövlətimizin başçısı artıq idmanın cəmiyyətimizin ayrılmaz hissəsinə çevrildiyini bildirdi. Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edildi.