cümə axşamı, 17 yanvar 2019

DÜNYA FUTBOLU

Futbol faciələri: Meydançada ölən futbolçular

09.01.2019 11:59

Futbol dünya idmanının ən populyar növlərindən biridir. Ən çox zədə verən idman növlərindən biri də futboldur. Əgər zədə ciddidirsə və orqanizm çox yorulubsa, bu, ölümlə nəticələnə bilər.

Cempion.az Ölkə.Az-a istinadən oyun vaxtı dünyasını dəyişən futbolçuların siyahısını təqdim edir.

10. Piter Biaksanqzuala

Piter hindlidir. 2014-cü ilin 19 oktyabr tarixində vəfat edib. Qol vurduqdan sonra sevincindən salto vurub və boynu üstə yerə düşərək zədələnib. Onu xəstəxanaya aparsalar da, xilas etmək mümkün olmayıb. 23 yaşlı futbolçu ölüb.

9. Endurans İdaxor

Nigeriyalı futbolçudur, Sudan klubunda oynayıb. Oyun zamanı qəflətən yıxılıb və xəstəxanaya aparılanda yolda ölüb. Məlum olub ki, 25 yaşlı futbolçu ürək sancısından dünyasını dəyişib.

8. Akli Fayruz

27 yaşlı indoneziyalı futbolçu rəqib komandanın qapıçısı ilə toqquşduqdan sonra xəstəxanaya aparılıb. Növbəti gün isə daxili qanaxmadan ölüb.

7. Permario Morozini

2012-ci ilin 14 aprel tarixində oyun vaxtı İtaliyada Morozini yıxılıb. O, ayağa qalxmaq istəsə də, huşunu itirib. Ona tibbi yardım göstərilib. Onun ürəyi dayanmışdı. Sonradan isə xəstəxanaya aparılıb və oyun təxirə salınıb. 25 yaşlı futbolçunun sonradan ölüm xəbəri yayılıb.

6. Mark Vivyen Foe

2003-cü ilin 26 iyun tarixində oyunun 72-ci dəqiqəsində Mark Foe qəflətən yıxılıb. Təcili yardım stadiona çıxanda, o, hələ sağ idi. Amma tezlikdə dünyasını dəyişib. Həkimlər 45 dəqiqə onun ürəyini hərəkətə gətirməyə çalışsalar da, alınmayıb. Sonradan məlum olub ki, futbolçu irsi qan xəstəliyindən dünyasını dəyişib. Fiziki aktivlik zamanı qəfil ölüm yaranan xəstəlik ona irsən keçib. Onun 28 yaşı var idi.

5. Xrvoe Çustiç

Xorvatiyalı futbolçudur və yarımmüdafiəçi mövqeyində oynayıb. Beton divarla toqquşduqdan sonra ciddi zədə alıb. Əməliyyatdan sonra komaya düşüb. 2 aprel 2008-ci ilə qədər onun vəziyyəti stabil olub. Amma infeksiya səbəbindən tempraturu yüksəlib və vəziyyəti pisləşib. Eyni gün isə xəstəxanadan bildiriblər ki, futbolçunun beyni artıq ölüb.

4. Antonio Puerta

2007-ci ilin 26 avqust tarixində cərimə meydançasında Antonio Puerto ürəyi dayandığı üçün yıxılır və huşunu itirir. Onu başqa futbolçu ilə dəyişdikdən sonra ayağa qalxır və soyunma otağına gedir. Yenə yerə yıxılır. Futbolçunu xəstəxanaya aparırlar. 28 avqustda isə həkimlər Antonionun öldüyünü deyirlər.

Futbolçunun 22 yaşı var idi və ata olmağa hazırlaşırdı. Həkimlər xəstəliyin irsi olduğunu açıqlayıblar.

3. Paulo Sercio Oliveyra Da Silva

2004-cü ilin 27 oktyabr tarixində oyunun 60-cı dəqiqəsində Sercionun ürəyi sancdı. Onu xəstəxanaya apardılar. Sonradan məlum oldu ki, Sercionun ürəyi 600 qram, yəni orta statistik insanın ürəyindən iki dəfə böyükdür. Onun 30 yaşı var idi.

2. Mikloş Fexer

2004-cü ilin 25 yanvar tarixində oyun vaxtı Fexer qəflətən qabağa əyildi və sonra yıxıldı. Hər iki komandanın oyunçuları ona kömək etmək üçün irəli atıldılar. Tibbi personal futbolçunu xəstəxanaya apardı. Portuqaliya mətbuatı gün ərzində məsələni işıqlandırdı. Gecə saatlarında isə Mikloşun ölüm xəbəri yayıldı. Onun 24 yaşı var idi.

1. Fil Odonnell

Fil şotlandiyalı futbolçudur və iki dəfə Şotlandiya Peşəkar Futbol Assosiasiyası tərəfindən ilin futbolçusu seçilib. 2007-ci ilin 29 dekabr tarixində oyun vaxtı yıxıldı. Beş dəqiqə ona kömək etmək istəsələr də, nəticədə, xəstəxanaya apardılar. Axşam isə onun ölüm xəbəri yayıldı. Onun 35 yaşı var idi. İki qızı və iki oğlu var idi.

Oxundu 192