cümə, 11 iyul 2025

BİZİM FUTBOL

“Zirə”nin doğma meydanda 64-cü sınağı

01.02.2019 15:09 Oxundu 469

Topaz Premyer Liqasının15-ci turunun “Sabah”la görüşü “Zirə” üçün əlamətdar olacaq. Cempion.az klubun saytına istinadən xəbər verir ki, “Qartallar” 2018/19 mövsümündə ilk dəfə ev oyununu doğma arenada keçirəcək. Belə ki, fevralın 2-dəki görüş Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
Arenada aparılan təmirlə əlaqədar olaraq komanda mövsümün ilk yarısında rəqiblərini fərqli stadionlarda qəbul etməli olurdu. “Qartallar” 5 çempionat və 1 kubok oyununu “Dalğa Arena”da keçirməli olubsa, “Bakcell Arena” və “AZAL Arena”nın hərəsində bir Premyer Liqa matçına ev sahibliyi edib.
“Zirə”nin doğma stadionundakı son oyunu 2017/18 mövsümünə təsadüf edib. Klub 2018-ci il mayın 12-də baş tutan son ev matçında “Kəpəz”i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. 266 gündən sonra Zirə İdman Kompleksinin stadionuna çıxacaq “Qartallar”ın bu arenadakı son qollarına Riçard Qadze və Tellur Mütəllimov imza atıb.
Qeyd edək ki, “Sabah”la görüş “Zirə”nin doğma stadionunda 64-cü oyunu olacaq. “Zirə” indiyədək Premyer Liqada 46, Azərbaycan kubokunda 4, Birinci divizionda 13 dəfə rəqiblərini bu arenada qəbul edib.