cümə axşamı, 10 iyul 2025

BİZİM FUTBOL

"Səbail"in hücumçusu:"5 il öncə Avropada oynamaq üçün buradan ayrıldım"

25.02.2019 14:43 Oxundu 509


"Səbail"in hücumçusu Oke Akpoveta Topaz Premyer Liqanın 18-ci turunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdikləri səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 2014-cü ildə ölkəmizdə "Rəvan"ın formasını geyinən nigeriyalı hücumçu əvvəlcə Azərbaycana qayıdışı ilə bağlı təəssüratlarını bölüşüb.

- 5 illik fasilədən sonra yenidən Azərbaycandasınız. Əvvəlcə təəssüratlarınızı bilmək maraqlı olardı...

- Mən 5 il öncə Avropada oynamaq üçün buradan ayrıldım və indi yenidən geri qayıtmışam. 5 il əvvələ baxanda indi müxtəlif hisslər keçirirəm. O zaman daha gənc idim. Azərbaycana geri qayıtdığıma görə sevinirəm.

- Bu 4 ildə Azərbaycan futbolunda nə dəyişib?

- Mən burada hələ ki, 2 matçda iştirak etmişəm və televiziya vasitəsilə bir neçə oyuna baxmışam. Ona görə də bu barədə hələ heç nə deyə bilmərəm. Futbol hər il inkişaf edir. Düşünürəm ki, Azərbaycan çempionatı da onların arasındadır.

 - Premyer Liqamızda cəmi 8 komanda qalıb...

- Düzdür, mən əvvəl burada oynayanda 10 komanda var idi. Düşünürəm ki, futbolun səviyyəsi indi artıb. Liqa ildən-ilə inkişaf edir. Bəlkə də gələn mövsüm 12 komanda olacaq, hər şey mümkündür. Komandalar indi daha yaxşı səviyyədədilər. Burada oynanan futbol ildən-ilə inkişaf edir.

- Səfərdə "Neftçi"yə qalib gəldiyiniz oyun barədə nə deyə bilərsiniz?

- Biz çempionatın ilk pilləsində yer alan komandaya qarşı oynadıq. Çətin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq və məşqçinin tapşırıqlarını yerinə yetirdik. İlk hissədə 2 qol vura bildik. Şadıq ki, qələbə qazandıq. Komandamızda yaxşı oyunçular var. Baxımlı oyun göstərdik.

- Matçdan əvvəl "Neftçi"ni məğlub edəcəyinizi gözləyirdiniz?

- Açığı, gözləmirdik. Bu, futboldur. Düzdür, turnir cədvəlinə baxanda onların ilk pillədə olduğunu görmək olar. Amma dediyim kimi oyuna yaxşı hazırlaşmışdıq. Bura elə-belə gəlmədiyimizi göstərdik. Meydana çıxıb işimizi gördük və 3 xal qazandıq.

- Bura gələndən sonra 2 matçda iştirak etmisiniz. Sizə komandaya uyğunlaşmaq üçün nə qədər vaxt lazımdır?

- Bu komanda, oyunçular - hamısı mənim üçün yenidir. Komanda yoldaşlarımı öyrənməyə çalışıram. Ən qısa müddətdə öz keyfiyyətlərimi göstərəcəyəm.

- Sabiq komandanız "Rəvan" artıq yoxdur, komanda dağıldı. Bundan xəbəriniz var?

- Hə, bilirəm. Bakıya gələn kimi birinci "Rəvan"ı soruşdum. Dedilər ki, komanda dağılıb. Əlbəttə ki, mənə pis təsir etdi. Bu klubun ömrü uzun sürmədi. Köhnə komanda yoldaşlarımdan heç kimi görə bilməmişəm. Yalnız "Keşlə"də oynayan Davud Kərimi ilə görüşmüşəm. (Qol.az)