şənbə, 20 aprel 2024

ŞAHMAT

Şəhriyar Məmmədyarov Almaniya klubunda çıxış edir

06.03.2019 13:15 Oxundu 574


Azərbaycan milli komandasının şahmatçısı Şəhriyar Məmmədyarovun Almaniya Bundesliqasının cari mövsümündəki debütü uğurlu alınıb. Cempion.az ONA-ya istinadən xəbər verir ki, 34 yaşlı qrossmeyster IX turda qoşulduğu yarışda məğlubiyyətsiz irəliləyir. Həmyerlimiz “Vernhaym” klubunun şərəfini qoruyur. Martın 1-də ilk matçına çıxan Ş.Məmmədyarov artıq 3 görüşdə lövhə arxasına keçib. O, IX turda “Hokenhaym”ın üzvü Samuel Şanklanda qalib gəlib. Ardınca Peter Leko (“Deyzisau”) və Fabiano Karuana (“Baden-Baden”) ilə heç-heçə edib. Təmsilçimizin ilk qələbəsi komandasına faydalı olmayıb – 2,5:5,5. Digər 2 qarşılaşmada isə “Vernhaym” 4:4 hesablı heç-heçə edib. Növbəti 2 tur martın 9-10-da baş tutacaq. Şəhriyarın komandası “Drezden” və “Berlin”lə üz-üzə gələcək. Məmmədyarovdan fərqli, Bundesliqadakı digər təmsilçimiz Arkadi Naydiç həm də bir gün öncə start götürən dünya çempionatına qatılıb. “Baden-Baden”də çıxış edən milliləşdirilmiş legioner ilk turdan sıralarında olduğu komandada 9 görüş keçirib. O, bu qarşılaşmalarda 4 qələbə qazanıb, 4 heç-heçə edib və 1 matçda uduzub. Naydiçin çıxış etdiyi “Baden-Baden” 11 turda məğlubiyyət acısı yaşamayıb. Hesabın 18 xal olan komanda turnir cədvəlinin lideridir. “Vernhaym”ə gəlincə, Şəhriyarın komandası 16 klub arasında 7-ci yerdədir. Onların aktivində 12 xalı var.