cümə, 29 mart 2024

BİZİM FUTBOL

Roberto Bordin: "Neftçi" tarixi klubdur və ölkənin ən titullu komandasıdır"

08.03.2019 16:00 Oxundu 619

"Mən "Şerif"də olarkən "Neftçi"nin idman direktoru işimi izləyib. O, italyalı vəkil vasitəsilə mənimlə əlaqə saxladı və 2-3 görüşdən sonra bura gəlməyə razılıq verdim. Çünki "Neftçi" tarixi klubdur və ölkənin ən titullu komandasıdır". 
Bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib. İtaliyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində əvvəlcə ölkəmiz və paytaxt Bakı haqda danışıb: "Bakı çox gözəl və müasir şəhərdir. Dənizi, böyük parkı var, çox inkişaf edib. Şəhərin qədimiliyi də unudulmur. Ümumilikdə yaşayış durumu çox yaxşıdır, burda özümü xüsusi hiss edirəm. Çünki şəhərin gözəl məkanında qalıram. Bir müddət sonra burda Formula-1 yarışı olacaq. İqlim dəyişir: bu gün qar yağırsa, sabahı temperatur 10 dərəcə olur. Heç vaxt dəyişməyən tək şey küləkdir. Bordin klublarımızın vəziyyətdən də söz açıb. O, Azərbaycanda yaxşı futbolçular olduğunu bildirib: "Azərbaycanda hər bir klubun müasir idman mərkəzi var və hərtərəfli iş gedir. Müsbət mənada təəccübləndim, çünki taktiki planda yüksək səviyyədədilər. Modulları dəyişə bilərsiniz. Həmçinin yaxşı məşqçiləri var. "Qarabağ" artan büdcəyə və güclü futbolçulara malikdir. Ümumilikdə azərbaycanlı futbolçular güclüdür. Hər oyunda maksimum 6 əcnəbi və minimum 5 azərbaycanlı, həmçinin 1996-cı il təvəllüddən aşağı bir oyunçu iştirak etməlidir. Milli komandaları da pis durumda deyil. Onlar Millətlər Liqasında yalnız son oyunda məğlub oldular". Bordin Azərbaycana gələn ilk italiyalı məşqçi olduğunu da xatırladıb: “Əvvəlcə burda mənə yadplanetli kimi baxırdılar. Ancaq indi komanda ideyalarımı mənimsəyib. Əvvəl Azərbaycana mən gəldim, sonra Andrea Vetsunu da gətirdim. Məşqçilər korpusunun qalan hissəsi, onsuz da, var idi. Meydanda isə Canluka Sansone çıxış edir. Onu da "Novara"dan gətirdik. Mənim Mixail adlı tərcüməçim var. O, Moldovada da mənimlə birlikdə idi. Çox ağıllı olduğu üçün onun da özümlə gəlməsini istədim. İtaliyada oxuyub və cümləni emosional şəkildə çox yaxşı çatdıra bilir. Paltardəyişmə otağında ingilis dilində danışanlar var. Onlarla birbaşa özüm ünsiyyətə keçirəm. Ümumiyyətlə, qısa və konkret cümlələr işlətməlisiniz. Səsimi yüksəldəndə dərhal başa düşürlər". Təcrübəli mütəxəssis Avropa Liqasının Bakıda keçiriləcək finalında "Napoli"ni görmək istədiyini qeyd edib: "Neapolla bağlı yaxşı xatirələrim var. Çünki orada bir çox vacib oyunların iştirakçısı olmuşam. Çiro Ferrara, Paolo Di Kanio ilə dostluq münasibətlərindəyəm. Di Kanionun bizə UEFA Kubokunda iştirak imkanı verən qolunu xatırlayıram. Roberto Polikano ilə də danışıram. O, İtaliyada mənim qaldığım Verona şəhəri yaxınlığındakı Podovada yaşayır. Ən yaxşı xatirəm "Napoli"nin kapitan sarğısını daşımağım olub. Bunu özüm üçün böyük xoşbəxtlik sayıram. Avropa Liqasının finalı Bakıda keçiriləcək. Əlbəttə, ümidvaram ki, qalib komanda "Napoli" olacaq". (Qol.az)