
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə parlaq qələbə qazanaraq dünya kəmərinə (WFMC) sahib olub. Cempion.az Kikboksinq Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, MMA – qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə X.Əhmədov almaniyalı kikboksçu, məşhur “Nubia Sports” klubunun yetirməsi Kevin Herşlagla (Kevin Heerschlag) rinqə çıxıb. Azərbaycanı təmsil edən “Tank” ləqəbli Kikboksçumuz 5 raundluq döyüşdə rəqibi üzərində inamlı qələbə qazanaraq Azərbaycan bayrağını başı üzərinə qaldırıb. Xəyal Əhmədov dəfələrlə rinqdə erməni idmançısını bir yumruğa yerə sərərək qələbə qazanıb. Bu anları şərh edərkən məşhur idmançı jurnalistlərə bildirib ki, erməni idmançı ilə üz-üzə gələrkən yalnız qələbə barədə düşünür, Qarabağ hadisələri gözümdə canlanır və bir əsgər kimi bayrağıma olan sevgim daha da güclənir.