çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

"Oyunların 60 faizində topla oynama göstəricisi aşağı olan komandalar qalib gəlib"

15.07.2016 20:41 Oxundu 1867

1984-cü ildə Fransa millisi ilə Avropa çempionu olmuş Alen Jiress hazırda Malini çalışdırır. təcrübəli mütəxəsis AVRO-2016-da UEFA nümayəndəsi kimi iştirak etmişdi. goal.az xəbər verir ki, fransalı məşqçi geridə qalan turnir haqqında bir neçə sualı cavablandırıb.

- Avropa çempionatının 1/4 final mərhələsi keçiriləndə turnirin orta səviyyədə olduğunu demişdiniz. Sonrakı qarşılaşmalar fikrinizin dəyişməsinə təsir göstərdimi?

- Çempionatın gedişində Aleks Ferqyusson, eks komanda yoldaşım Jan-Fransua Domerq və yaxın keçmişin bir sıra tanınmış futbolçuları ilə birlikdə UEFA-nın müşahidə qrupuna daxildim. Hər oyun barədə qrupun iki üzvü hesabat hazırlayırdı. Bunun sayəsində UEFA Avropa çempionatının texniki səviyyəsi haqqında hesabat tərtib edəcəkdi. Məlum oldu ki, oyunların 60 faizində topla oynama göstəricisi aşağı olan komandalar qalib gəlib. Belə çıxır ki, indi rəqibin səhvini gözləyib müdafidən oynamaq daha əlverişlidir. Bir sözlə, yaradcı yox, dağıdıcı futbol oynamaq sərfəlidir. Eyni zamanda Fransa futboluna texniki, kombinasiyalı oyun tərzi xasdır. Uzun illər bizdə futbol məhz bu istiqamət üzrə inkişaf edib. Mişel Platini ilə birlikdə oynadığım komanda öz yaradıcılığı ilə seçilirdi. turnirin ümumi texniki səviyyəsi barədə fikirlərim burdan qaynaqlanır. Çünki dağıdıcı futbol hücum futbolu kimi texnika tələ etmir.

- AVRO-2016-nı müdafiə futbolunun zəfəri kimi xarakterizə etmək olar? Portuqaliya millisi də "ikinci nömrə" kimi oynamağa üstünük verirdi...

- Prinsipcə, haqlısız.

- 2014-cü il dünya çempionatında əksər milli komandalar yaxşı təşkil olunmuş müdafiə və əks-hücumlara bel bağlayırdı. Bu tərzdə oynayan Kosta-Rika 1/4 finala qədər irəliləmişdi. Belə çıxır ki, müdafiə futbolu artıq tendensiyaya çevrilir?

- Söhbət futbol fəlsəfəsindən gedir. "Barcelona" kimi oynayıb topa nəzarət etmək və rəqib qapısına inadla yaxınlaşmaq stilini, yaxud "Atletico" kimi bütün zonaları bağlayıb əks-hücumlara çıxmağı seçmək mümkündür.

- Son Avropa çempionatında "Atletico"nun taktikasını tətbiq edən Portuqaliya millisi üstün oldu...

- Fernando Santuş oyunçuların imkanlarından istifadə etməklə komandasının potensialından lazımınca yararlandı. Bu uğurda onun rolu danılmazdır. O, oyunu təşkil etməklə bərabər futbolçuları öz gücünə inandıra bildi.

- Santuş komandanı psixolji baxımdan elə hazırladı ki, hətta Ronaldonun məcburi əvəzlənməsi də Portuqaliyanın oyununda nəzərəçarpan dəyişiklik yaratmadı.

- 1998 mundialında Zidanın başına gələn hadisəni xatırlayırsınız?

- Qrup mərhələsində Səudiyyə Ərəbistanı ilə matçda qırmızı vərəqə almışdı. Bu, finalda Braziliyanın qapısına iki top vurub turnirin ən yaxşı futbolçusu olmağına mane olmamışdı. Bunu nəzərdə tutursuz?

- Elədir. Zidan həmin vaxt iki oyun cəzalı oldu. Fransa üçün hər şey, o cümlədən Paraqvayla çətin 1/8 final qarşılaşması yaxşı qurtardı. Amma bu, komandanın Zidansız yaxşı oynaması anlamına gəlmir. İndi deyirlər ki, Ronaldonun zədəsi Portuqaliyanın xeyrinə oldu. Belə deyil. Sadəcə komandanın qarşısında iki yol vardı. Ya baş verənləri zərbə kimi qəbul edib təslim olmalı, ya da toparlanıb dişi-dırnağı ilə oyundan yapışmalı idi. Portuqaliya xarakter nümayiş etdirdi və bunun mükafatını aldı.

- Çempion komandanın heyətində səviyyəli futbolçular var. Amma bu baxımdan seçilməyən İslandiya kimi yığma da var. Bəlkə, əsas diqqəti elə təşkilatçılıq və intizama yönəltmək lazımdır?

- Məşqçilər sərəncamında olan futbolçuların güclü tərəflərindən maksimum istifadə etməyə çalışır. Buna görə Avropa çempionatında uğursuz çıxış edən komandaların yenidən qurulmasında hansı cəhəti əsas götürmək ətrafında mühakimə yürütmək istəmirəm.

- Sizə elə gəlmir ki, müdafiə futbolunun zəfəri baxımlı oyuna zərər verir?

- Hər şey sizin "baxımlı oyun" anlayışınızdan asılıdır. Hansı yolla qələbənin qazanılması azarkeşlər üçün maraqsızdır. Onları nəticə sevindirir. Qalan hər şey ikinci plana keçir. Şəxsən mən Fransa millisinin 80-ci illərdə oynadığı hücum futbolunu bəyənirəm. Bizim həmin dönəm yarımmüdafiə xəttini əbəs yerə "sehirli kvartet" adlandırmırdılar. Zidanın futbolunu sevirdim. AVRO-2016-da elə oyunçu görmədim ki, ağıllı ötürmələr verməyə çalışsın.

- Fikrimə Aaron Remzi gəlir...

- O, dispetçer deyil. Remzi bir tərəfdən rəqibdən top almağa çalışır, digər tərəfdən özü üçün qol vəziyyəti yaratmağa çalışırdı. Komanda yoldaşlarını topla təmin edən klassik yarımmüdafiəçi rolunda İniesta və Özil çıxış etdi. Düzdür, sonuncuda hər şey istənilən kimi laınmadı.

- Avropa çempionatında parlaq oyunlar baxımında kasadlıq oldu...

- Qrup mərhələsində Macarıstan - Portuqaliya (3:3) oyunu xoşuma gəlmişdi. 1/4 finalda isə Uels- Belçika (3:1) qarşılaşması.

- Etiraf edim ki, Almaniya - Fransa matçını qeyd edəcəyinizi gözləyirdim.

- Həmin oyun da bir fransız kimi məni qane etmişdi. Bayaq vurğuladığım kimi, məni nəticə sevindirmişdi. Fransa 1958-ci ildən sonra bütün turnirlərdə uduzduğu rəqibə, nəhayət ki, qalib gəldi. Amma bu oyun nəticəsinə görə mənə həzz verdi.

- İtaliya, Uels kimi komandalar 3 müdafiəçidən ibarət oyun sistemindən istifadə edirdi. Bu, keçmiş dəbin geri qayıtmasıdır?

- Bunun unudulmuş və ya arxidən götürülmüş taktika olduğunu deməzdim. Məşqçilər konkret şərtlərdə bu sxemdən yaralanırlar. İtaliya ilə matçda almanlar da bu üsuldan istifadə etmişdi. Uels Portuqaliya ilə yarmfinal qarşılaşmasında 4 müdafiəçili sxemə keçəndən sonra daha yaxşı oynamağa başladı. Çünki 3 mərkəz müdafiəçisi ilə meydana çıxan komanda daha çox əks-hücumlara ümid edir.

- Fransa millisi 2018 mundialında favoritlər sırasında olacaq?

- Xeyr. Yüksək yerlərə iddia edən komandalardan biri. Bu barədə danışmaq tezdir. İlk öncə təsnifat mərhələsii keçmək lazımdır.

- Benzema milliyə qayıdacaq?

- Bilmirəm. Finalda qol vurmayıb uduzandan sonra: "meydanda Benzema olsaydı..." - demək olar. Amma belə sual ortaya çıxır ki, Kərim Qrizmannla necə anlaşardı? "Atletico"nun hücumçusu Jiru ilə yaxşı anlaşırdı. Benzema da Qrizmann kimi vaxtının çoxunu rəqib qapılarının önündə keçirmir. İki ildən sonra komandanın hansı durumda olacağını heç kim bilmir. Bir şey dəqiqdir: AVRO-2016-da Braziliyadakı mundiala nisbətən irəli addım atıldı. Qazanılan nəticə irəli getmək üçün baza rolunu oynaya bilər.