çərşənbə, 09 iyul 2025

BİZİM FUTBOL

Yunis Hüseynov: "Mənə maraqlıdır, Essyen “Səbail”ə niyə gəlib?"

09.04.2019 11:23 Oxundu 693


Futbol mütəxəssisi Yunis Hüseynov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqada “Neftçi” və “Qarabağ”ın çempionluq yarışındakı şanslarını dəyərləndirən təcrübəli mütəxəssis dünən “Sabail”in heyətində ilk rəsmi oyununa çıxan Mayk Essyenin ölkəmizə gəlişinə də münasibət bildirib. Cempion.az həmin müsahibəni sizə təqdim edir

- Bir müddət öncə AFFA-dan sizə iş təklifi gəlməsi ilə bağlı xəbərlər yayılmışdı. Bu, nə dərəcədə doğru məlumatdır?

- Yalan söhbətdir, elə bir şey olmayıb. Mən də mətbuatdan oxudum. Özüm də məəttəl qaldım. Belə bir təklif gəlməyib.

- Hazırda işləmədiyiniz üçün, yəqin boş vaxtlarınız da çox olur. Bundan istifadə edib, çempionat oyunlarının hamısını izləyirsiniz?

- Əlbəttə ki, izləyirəm. Bütün oyunlara baxıram.

- Mövsümün sonuna 5 tur qalıb və zirvədə “Neftçi” – “Qarabağ” mübarizəsi davam edir. Sizcə, gedişat nə göstərir? Çempion hansı komanda olacaq?

- Sabit oyun baxımından mən “Qarabağ”ı çempion görürəm. Amma istərdim ki, qızıl medalları “Neftçi” qazansın. 15 il bu komandanın şərəfini qorumuşam. 9 il də kapitanı olmuşam. Ona görə bu klubun çempion olmasını arzulayıram. Amma oyun baxımından “Qarabağ” üstün görünür.

- Necə düşünürsünüz, çempionluq yarışı son tura qədər davam edəcək, yoxsa qalib daha əvvəl müəyyənləşə bilər?

- Hələ 5 oyun qalıb. Bu müddətdə çox şey ola bilər. Hər iki komandanın xal itirməsi mümkündür. Hansı komanda oyunlara psixoloji cəhətdən yaxşı hazırlaşacaqsa, o da çempion olacaq. Sona 5 tur qalıb deyə futbolçular meydançaya təzyiq altında çıxırlar. Bilirlər ki, xal itirsələr, hər şey bitəcək. “Qarabağ” neçə ildir ardıcıl çempion olduğu üçün onların üzərində təzyiq “Neftçi”dəki qədər deyil.

- Bu gün “Səbail”in ilk 3-lükdə olması necə, sizə təəccüblü gəlirmi?

- Yox, təəccüblü görünmür. Çünki bu gün Azərbaycan çempionatında “Neftçi” və “Qarabağ”dan başqa, digər klubların səviyyəsi demək olar ki, eynidir. Yalnız “Qəbələ”ni qeyd edə bilərəm ki, onların da bir neçə aparıcı futbolçusu ötən yay komandanı tərk etdi. Bununla belə hərdən elə oynayırlar ki, xoşuma gəlir. Ancaq bəzi matçlarda da yaxşı çıxış etmirlər. Sabitlik yoxdur. Ümid edək ki, onlar da bizi avrouboklarda təmsil edəcəklər. 5 oyun qalıb, yəqin ki, toparlanarlar.

- Bu mövsüm Azərbaycan futbolunda baş verən maraqlı hadisələrdən biri də dünyaca tanınmış futbolçu Maykl Essyenin ölkəmizə gəlişi oldu. Dünən də “Səbail”in heyətində ilk rəsmi oyununa çıxdı. Buna da münasibətinizi bilmək istərdim...

- Essyen ilk növbədə dünya səviyyəsində tanınmış futbolçudur. “Real”, “Çelsi”, “Milan” kimi klublarda oynayıb. “Səbail”ə transferi mənim üçün təəccüblü oldu. Sən “Çelsi”də, “Real”da oyna, sonra da bizim çempionata gəl (gülür). Nəyəsə ehtiyacı varsa, bu, başqa məsələdir. Sadəcə, mənə maraqlıdır ki, Essyeni “Səbail”ə, Azərbaycana niyə gəlib? Bilirsiniz ki, bu cür oyunçular karyeralarının sonlarında pul qazanmaq üçün ABŞ, Çin, Hindistan klublarına keçirlər. Əgər pul lazımdırsa, niyə həmin ölkələri yox, Azərbaycanı seçdi. Bu baxımdan bir qədər təəccübləndim. Ancaq bu cür tanınmış futbolçunun ölkəmizdə oynaması yaxşı haldır. Məsələn, başqa ölkələrdə deyirlər ki, Azərbaycanda Essyen kimi futbolçu çıxış edir.

- Dünən az da olsa, oynadı. Necə təsir bağışladı?

- Artıq yaşlanıb, 36 yaşı var. Deyəsən, 1 ildən çoxdur oynamırdı. Düzdür, təcrübəsi var. Amma indi mən deyim ki, elə oynadı, belə oynadı, düzgün çıxmaz. Təcrübəsi ilə komandaya faydası dəyə bilər. Oyunu ilə xeyir verəcəyinə inanmıram.

- Turnir cədvəlinin zirvəsində olduğu kimi aşağı sıralarda da amansız mübarizə gedir. Sizcə, bu mövsüm Premyer Liqanı hansısa komanda tərk edəcəkmi?

- Yox, inanmıram ki, kimsə elitanı tərk etsin. Keçən mövsüm də təsadüfən oldu ki, sona 3 tur qalmış “Kəpəz”in aşağı dəstəyə düşəcəyini dedilər. Halbuki mən ora gedəndə başqa söz demişdilər. Bu mövsüm isə mümkün deyil. Hələ ola bilər ki, daha 2 komanda əlavə edərlər. Sonuncu olmamaq uğrunda əsas mübarizə “Keşlə” və “Sumqayıt” arasında keçəcək. Psixoloji təzyiq bunlara da aiddir. Amma onlar rahat ola bilərlər. Çünki bu mövsüm Premyer Liqanı heç bir klub tərk etməyəcək.

- “Kəpəz”in yenidən Premyer Liqaya qaytarılması gündəmdədir. Belə bir söz-söhbət var ki, Gəncə yeni mövsümdən yenə elitada təmsil olanacaq...

- Əlbəttə, mümkündür. Əslində ötən mövsüm orada başqa şeylər olmuşdu. İndi onları açıb-ağartmağım düzgün olmaz. Amma vaxtı gələndə açıqlayacağam. Hələlik gözləmə mövqeyindəyəm. Əgər “Kəpəz”i Premyer Liqaya buraxsalar, daha bir bölgə klubu da gətirəcəklər ki, 10 komanda olsun. Belə olsa, daha yaxşı olar. Çünki futbolun inkişafı elə bölgələrdən başlayır.