çərşənbə, 09 iyul 2025

BİZİM FUTBOL

"Qəbələ" dağılacaq? - Mütəxəssis rəyləri

10.04.2019 18:38 Oxundu 2251

"Qəbələ"nin mövsümün əvvəlində  əsas oyunçularını satması, yerli oyunçulara şans verərək büdcəni azaltması komandanın maddi vəziyyətinin yaxşı olmadığını göstərən mesaj idi.


Bunu Cempion.az-a tanınmış idman jurnalisti Kənan Məstəliyev "Qəbələ"nin prezidenti Taleh Heydərovun tutduğu vəzifədən istefasına münasibət bildirərkən deyib.

Klubun əsas hamisinin bu cür istefa etməsinin çox təəccüblü olduğunu bildirən K.Məstəliyev qeyd edib: "Adətən biz belə hallardan sonra klubun gələcəyinin yaxşı olmadığını görmüşük. "Bakı", "Xəzər Lənkəran" bunun əyani sübutudur. Komandaların yoxa çıxmaq proseduru oxşar hadisələrdən sonra başlayır. Ancaq mənim fikrimcə, "Qəbələ" dağılmayacaq. Çüni klubun infrastrukturu, uşaq futbolunun inkişafına töhfəsi, keçmiş dövrlərdə istər beynəlxalq, istərsə də yerli arenada çıxışı komandanın dağılmaması üçün çox böyük səbəblərdir. Düşünürəm ki, klubun sahibi dəyişəcək. Məndə olan məlumata görə "Qəbələ" SOCAR-a keçəcək. Klubun dağılmağındansa, dövlətin himayəsinə keçməsi daha məqsədə uyğundur. Amma ümid edək ki, "Qəbələ" o səviyyəyə çatmayacaq".

Məsələyə münasibət bildirən idman jurnalisti Anar Xanlarovun sözlərinə görə,"Qəbələ"də büdcə azaldılması üçün işlər gedirdi və klubun vəziyyəti yaxşı deyildi: "ancaq Taleh Heydərovun istefası mənim üçün və idman ictimaiyyəti üçün şok effekti yaratdı". O vurğulayıb ki, T.Heydərovun kubok ərəfəsində və çempionat davam edərkən istefa verəcəyini heç kim gözləmirdi: "Güman edirəm ki, "Qəbələ" AFFA-nın nəzarətinə keçəcəck. Çünki klubun texniki şəraiti buna imkan verir. "Qəbələ"nin gələcək taleyi ya növbəti "Sumqayıt" ,"Səbail" ya da, növbəti "Bakı", "Xəzər Lənkəran" olacaq. Ancaq düşünürəm ki, AFFA yeni kluba maddi yardım ayırmaqdansa, "Qəbələ"yə himayədarlıq edəcək".

Təcrübəli futbol mütəxəssisi Tahir Süleymanov da T.Heydərovun istefasına münasibət bildirib. Ümumiyyətlə futbolda gedən proseslərin, idarəçilikdə olan ciddi yanlışlıqların sponsorlar və azarkeşlərin futbola marağını yox etdiyini vurğulayan T. Süleymanov xatırladıb ki, bu günə kimi 10 klub dağıdılıb: "Qəbələ" son bölgə klubudur. Artıq çoxdandır Azərbaycan çempionatı adı altında "Bakı Birinciliyi" keçirilir. Xüsusi planla müstəqil klublar dağıdıldı. Təəssüf ki, bu məkrli prosesə bəzi imkanlı komandalar da təkan verdilər və tələyə düşdülər. Məsləhətlərimizə qulaq asmadılar. "Qəbələ"nin çöküşü gözlənilirdi və artıq son addımlar atılır. Futbolda kök salmış bir qrup dağıdıcı qüvvələr məkrli planlarını həyata keçirməkdə davam edirlər. Futbol onları maraqlandırmır. "Qəbələ" və digər müstəqil, iddialı klubların bu vəziyyətə düşəcəyini illər öncə bildirmişdik. Klublarımızın avrokubok yarışlarının qruplardakı çıxşları bu prosesləri ləngitdi. "Qəbələ"ni iki hal gözləyir. Birincisi, ən yaxşı halda  indiki çempionatda çıxış edən əksər klublar kimi ola bilər. İkincisi, digər bölgə klubları kimi dağıla bilər".