çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

Mxitaryan Bakıya gələcəkmi?

17.04.2019 13:37 Oxundu 667

"Əgər "Arsenal" Avropa Liqasının finalına vəsiqə qazansa, komandanın futbolçusu Henrix Mxitaryan UEFA-nın dəstəyi ilə Bakıya gedəcək". Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Mənbənin bildirdiyinə görə, UEFA futbolçunun viza almasına və təhlükəsizliyinin təmin olunmasına yardım edəcək.
"Bu UEFA üçün adi bir məsələdir. Biz Mxitaryanın viza məsələsinin nizamlanmasını təmin etmək məqsədi ilə federasiyalara, klublara və səfirliklərə müvafiq məktub göndərəcəyik". Mənbənin bildirdiyinə görə, bu sözləri UEFA nümayəndəsi deyib.
Xatırladaq ki, bu mövsümdə "Arsenal" Bakıda "Qarabağ"la keçirdiyi oyuna Mixitaryanı gətirə bilməmişdi. Eyni səbəbdən futbolçu "Borussiya"da (Dortmund) oynayarkən də "Qəbələ" ilə Bakıda keçirilən oyunda iştirak edə bilməmişdi.
Öz tərəfimizdən bildirək ki, idman prinsiplərinə görə, Mxitaryanın Bakıya gəlməsində problem yoxdur. Amma o, futbolçu olmazdan əvvəl Ermənistan vətəndaşıdır və Qarabağdakı separatçı qurumun yaxın dəstəkçilərindəndir. Mxitaryanın futbolda qazandığı pullarla separatizmə maddi dəstək verdiyi artıq sübut olunub. Futbolçu özü də bunu gizlətmir. Azərbaycan ərazisində Azərbaycan dövlətçiliyi əleyhinə separatizmi qızışdıran bir adamın kimliyindən asılı olmayaraq dövlət tərəfindən "arzuolunmaz şəxslər" siyahısına salınması təbiidir.  Əgər Mxitaryanın adı, həqiqətən də, həmin siyahıya salınıbsa, onu viza verilməsi, yəqin ki, mümkün olmayacaq. UEFA bunu bilməlidir.