çərşənbə axşamı, 08 iyul 2025

BİZİM FUTBOL

PFL-in növbəti yanlış yanaşması

07.05.2019 15:27 Oxundu 519

Peşəkar Futbol Liqası çempionatın sonunda hesabında eyni sayda qol olan iki və daha artıq futbolçu olacağı halda bombardirin müəyyən edilmə qaydasını mətbuata açıqlayıb. PFL-in tətbiq etdiyi qaydaya görə hesabında eyni sayda qol olan futbolçulardan:
a) ən az oyun keçirən
b) ən az penaltidən yararlanan
c) ən çox məhsuldar ötürmə edən  bombardir sayılacaq.
Əslində bu meyarları yanlış adlandırmaq olmaz. Yanlış olan bu meyarların sıralamasındadır. Məsələ burasındadır ki, beynəlxalq praktikada vurulan qollarla birlikdə məhsuldar ötürmələrin də statistikası aparılır. Yəni qoldan sonra ən vacib meyar məhsuldar ötürmədir. Odur ki, qolların sayı bərabər olduqda  öncə məhsuldar ötürmələrin sayı nəzərə alınmalıdır. Bu göstərici də eyni olarsa, onda oyun vəziyyətindən ən çox qol vuran futbolçuya üstünlük verilməlidir. Əgər burada da qalibi müəyyən etmək mümkün olmasa, onda yarış cədvəlində daha yüksək yerdə qərarlaşan komandaya qol vuran futbolçu qalib elan olunmalıdır.  Ən sonda keçirilən oyunların sayına baxmaq olar.
Yuxarıda qeyd etdiklərimiz nəzərə alınarsa, aktivində eyni sayda qol olan iki və daha çox futbolçu olduqda bombardir aşağıdakı kimi müəyyənləşdirilməlidir:
a) Daha çox məhsuldar ötürməsi olan futbolçu
b) Penaltidən daha az yaralanan futbolçu
c) Yarış cədvəlində daha yüksək yerdə olan komandalara qol vuran futbolçu
d) Daha az oyun keçirən futbolçu
Qeyd edək ki, hazırda Topaz Premyer liqasında bombardirlik yarışında ikihakimiyyətlilik var. Baqali Dabo ("Neftçi") və Mahir Mədətovun ("Qarabağ") hər birinin hesabında 14 qol var. PFL-in meyarlarına əsasən, Baqali Dabo bir oyun az keçirdiyinə görə hələlik üstündür. Amma bu, fikrimizcə,  yanlış yanaşmadır. Təəssüf ki, bizdə məhsuldar ötürmələrin rəsmi statistikası aparılmadığına görə daha doğru yanaşmanı tətbiq etmək çətinlik törədir.