çərşənbə, 18 sentyabr 2019

BİZİM FUTBOL

Nikola Yurçeviç: Özümüzdən razı olmağa əsasımız yoxdur

22.05.2019 09:52 Oxundu 273


Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsinin Macarıstan və Slovakiya ilə ev oyunları öncəsi mətbuat konfransı keçirib. Əvvəlcə təlim-məşq toplanışını dəyərləndirən xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Əvvəlki toplanışla ikinci arasında fərq böyükdür. Öncəkində 5-6 gün bir yerdə olduqsa, indi vaxtımız çoxdur. Futbolçuların bəzisi mayın 19-dan bizimlədir. Toplanışa 16 nəfərlə başladıq. Bir neçə gün bu cür davam edəcəyik. Mayın 24-dən etibarən Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov və Renat Dadaşov bizə qoşulacaq. İyunun 3-də isə ölkə xaricində çıxış edənlər - Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov gələcəklər. U-21 ilə yoldaşlıq oyunu keçirmək təkcə bizim problemimiz deyil. Çünki FIFA-nın pəncərəsi 6-12 iyunu əhatə edir. Bəzən elə olur ki, istədiyini edə bilmirsən. Məsələn, Xorvatiya millisi 4-cü liqa komandasına qarşı oynayacaq

- Macarıstan və Slovakiya ilə oyunlarda sizi neçə xal qane edəcək?

- Qarşıdakı oyunlarda nə qədər xalın məni razı salacağını deyə bilmərəm. Biz meydanda ən yaxşısını etməyə çalışacağıq. Özümüzdən razı olmağa əsasımız yoxdur. Oyunun ciddiliyini yaxşı dərk edirik. Hamımız yüksək əhval-ruhiyyədəyik. Nikbinəm, stadion dolacaq və yaxşı nəticə əldə edəcəyik. Hazırlığın sonunda 27 nəfər olacağıq. Lakin matç zamanı yəqin 2-3 nəfər heyətdə yer almayacaq.

- Qarşıda iki matç var. Futbolçuların yorğunluğunu göz önünə alsaq, bu görüşlərdə heyətdə radikal dəyişiklik mümkündür?

- Əvvəlcə birinci oyunu fikirləşməliyik. İkinci matçı düşünmək hadisələri qabaqlamaq olar. Müsbət nəticə bizə həm fiziki, həm də psixoloji baxımdan yaxşı təsir edə bilər. İndiyə qədər görməmişəm ki, bir komanda 3 gün ərzində iki oyuna fərqli heyətlərlə çıxsın. 20 nəfər oyunçu ilə işləyiriksə, radikal dəyişikliyə nə ehtiyac var?

- Hansı qapıçıya şans verəcəksiniz? 

- Hazırkı vəziyyətə əsasən deyə bilərəm ki, dəyişikliyə ehtiyac görmürəm. Xorvatiya və Litva ilə matçlarda qapını Səlahət Ağayev qoruyub. Fikrimcə, öz çıxışı ilə kredit qazanıb. İndiki məqamda qarşıdakı oyunlarda da ona şans verməyi düşünürəm.

- Ayaz Quliyevin milliyə dəvət olunması barədə nə deyə bilərsiniz?

- Ayaz Quliyev haqqında eşitmişəm. Lakin onun milli komandada oynamaqla bağlı son qərarı vermək mənim səlahiyyətimdə deyil. Onunla şəxsən söhbət etməmişəm. AFFA-dakı məsul şəxslər danışıb. Bilsəm ki, ümumi duruma təsir edər, məmnuniyyətlə danışaram.

- Türkiyədə çıxış edən futbolçuları niyə milliyə dəvət etmirsiniz? Məsələn, Deniz Yılmazın çıxış etdiyi "Genclerbirliyi" Super Liqaya yüksəldi... 

- Azərbaycan millisində oynaya biləcək istənilən futbolçu ilə maraqlanıram. Ölkə xaricindəkiləri də izləyirəm. Deniz Yılmaz son vaxtlar lazımı qədər oynamayıb.

- Bəs, "Trabzonspor"dan Murat Cem Akpınar? 

- Akpınarla bağlı ətraflı məlumatım yoxdur. Hər kəsin tanıdığını mən tanıya bilmərəm. Belə cavan oyunçuya yox demərəm. Onunla maraqlanaram. (Report)