çərşənbə, 19 iyun 2019

BİZİM FUTBOL

Yunis Hüseynov: Slovakiya elə-belə komanda deyil

11.06.2019 15:55 Oxundu 174

"Slovakiya İordaniya ilə yoldaşlıq oyunundan sonra Bakıya gəlib. Rəqib millimizdən bir gün artıq istirahət edib".


Cempion.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib. Millimizin Avro-2020-nin seçmə mərhələsində bu gün Bakıda Slovakiya seçməsi ilə keçirəcəyi oyun haqda danışan təcrübəli məşqçi  komandamızda yorğunluq olacağını bildirib. Artıq digər yığmaların Azərbaycanla oyuna ciddi yanaşdığını söyləyən Y. Hüseynov bunun bizə çətinlik yaratdığını deyib:

"Bizdə ardıcıl oyunlar olanda ikinci matça tam hazırlaşa bilmirik. Yorğunluq olur. Bu, danılmaz faktdır. Slovakiya ilə görüşün ikinci hissəsində həmin yorğunluq özünü göstərə bilər. Digər tərəfdən, artıq rəqiblərimiz bizə qarşı daha ciddi hazırlaşırlar. Bundan əvvəl hansı komanda bizi düzgün qiymətləndirməyibsə, həmişə onlardan xal götürmüşük. Ancaq yerli saytlardan da oxuduğum qədərilə Slovakiya millimizlə matça ciddi yanaşır. Bu cür komandalarla oynamaq isə bizim üçün ağır olur. Slovakiya elə-belə komanda deyil ki, deyim, meydana çıxıb qələbə qazanacağıq. Düzdür, futbolçularımız meydana olduqca istəkli çıxacaqlar. İstərdim ki, bu gün xal götürsünlər. Amma çox çətin olacaq. Faiz nisbəti hardasa 85-in 15-ədir".

Hüseynov seçmə mərhələdə 3 gün öncə Macarıstana 1:3 hesabı ilə uduzduğumuz oyuna da toxunub: "Macarlarla 5 dəfə oynamışıq, hamısında uduzmuşuq. Son matça rəqib çox ciddi hazırlaşmışdı. Əslində Macarıstan da elə-belə komanda deyil. Məgər, biz onlardan güclüyük ki? Yığmamızın hər bir futbolçusu meydanda maksimum gücünü ortaya qoyur. Amma hansısa biri səhvə yol verən kimi rəqib bundan yararlanır. Macarıstanla oyunda da belə oldu. Onlar əllərinə düşən fürsəti qola çevirdilər, biz isə yararlana bilmədik. Düzdür,topu özümüzdə saxlayırdıq. Amma rəqib qapısı qarşısında təhlükə yarada bilmirdik. Macarların ustalıq səviyyəsi yüksəkdir. Bizim futbolçularda da ustalıq var. Amma bir yerə qədər. Yəni, bacardıqları budur. Təcrübəsizlik də öz sözünü deyir. Bir də standart vəziyyətlər ən yaralı yerimizdir. Həmişə kiməsə arxayın oluruq. Hamısı düşünür ki, filankəs topu götürəcək. Heç kim bir-birini sığortalamır. Futbolçu meydanda səhv edirsə, bu, onun təcrübəsindən qaynaqlanır".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlayacaq.