cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ”ın düşərgəsindən məyusedici xəbər – oyunu buraxırlar...

10.07.2019 16:56 Oxundu 582


“Qarabağ” bu gün Tiranada “Partizani” ilə oyuna itkilərlə çıxacaq.

Matçın başlamasına bir neçə saat qalmış məlum olub ki, komandanın müdafiə xəttində ciddi problemlər yaşanır. Bir neçə gün öncə Çexiya “Viktoriya”sı ilə yoxlama matçında əzələsi dartılan mərkəz müdafiəçisi Bədavi Hüseynovun həm bugünkü, həm də cavab matçını buraxacağı dəqiqləşib. B.Hüseynov yalnız avrokuboklarla ikinci təsnifat mərhələsinin ilk oyununa hazır ola bilər.

Amma komandanın müdafiə xəttində problemlər bununla yekunlaşmır. Adı bu matç üçün sifariş olunan sol cinah müdafiəçisi Donald Gerye hələ də “Qarabağ”ın düşərgəsinə qoşulmayıb. Bu səbəbdən Ağdam klubu onun da xidmətindən istifadə edə bilməyəcək. Ümumiyyətlə, haitili futbolçu başa çatan müqaviləsini bugünə kimi yeniləməyib və onun klubdakı taleyi qeyri-müəyyəndir.

Öncədən xəbər verildiyi kimi, yeni transfer, sol cinah müdafiəçisi Ailton Silva isə cəzalı olduğuna görə “Partizani” ilə ilk matçda meydana çıxa bilməyəcək. Bundan başqa, bir neçə gün öncə dizindən zədələnən kapitan Rəşad Sadıqovun ayağında ağrılar davam edir. Amma o, bugünkü görüşdə komandasına kömək edə biləcək.

Beləliklə, bu gün “Qarabağ”ın müdafiə xəttində sol cinahda Abbas Hüseynov, ortada Rəşad Sadıqov və Rahil Məmmədov, sağda isə Maksim Medvedyevin çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Partizani” - “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 19.30-da başlanacaq. (Qol.az)