1170
İlk dəfə AÇ-2016-da həyata keçirilən bəzi oyun qaydaları Türkiyə çempionatında da tətbiq ediləcək. apasport.az ajansspor.com saytına istinadən xəbər verir ki, yeni qaydalardan avqustun 19-da start götürəcək 2016/2017 mövsümündən etibarən istifadə ediləcək. Dəyişiklərin sırasında mütləq qol şansı durumunda qırmızı vərəqə yerinə “sarı”nın göstərilməsi, rəqibə təmas olmasa belə, qırmızı vərəqənin verilməsi də yer alır. Superliqanın yeni mövsümündə əlavə köməkçi hakimlərə ehtiyac duyulmayacaq. Çempionat görüşlərində baş hakim, iki köməkçi hakim və dördüncü hakimdən ibarət briqada fəaliyyət göstərəcək. AÇ-2016-dan fərqli, Superliqada “qol texnologiyası” tətbiq edilməyəcək.Türkiyə çempionatının yeni mövsümündə həyata keçiriləcək oyun qaydaları bunlardı:
- Cərimə meydançası daxilində mütləq qol şansı zamanı qayda pozuntusu hallarında tətbiq edilən “Üçlü cəza” (penalti, qırmızı vərəqə, 1 oyunluq diskvalifikasiya) yüngülləşdiriləcək.
- Adı “11-lik”də olan futbolçu matç başlamadan da qırmızı vərəqə ala biləcək. Ancaq onun yerinə başqa oyunçunun heyətə daxil edilməsinə icazə veriləcək. Ehtiyat oyunçular skamyasında əyləşən futbolçu qırmızı vərəqə aldığı halda isə o, başqası ilə əvəzlənməyəcək.
- Penalti zərbəsi zamanı qapı xəttini tərk edən qolkiper sarı vərəqə ilə cəzalandırılacaq. Zərbə yerinə yetirilməmişdən öncə cərimə meydançasına daxil olan futbolçular da “sarı” alacaqlar. Penalti isə təkrar yerinə yetirilməyəcək.
- Təmas olmasa belə, qırmızı vərəqəlik hərəkət “qırmızı” ilə cəzalandırılacaq.
- Kapitanlar komandaların davranışlarına görə cavabdeh olacaqlar.
- Top mərkəzdən oyuna daxil ediləndə geriyə də ötürmə verilə biləcək.
- Əgər meydana kənar şəxs (ehtiyat futbolçular, oyundan çıxanlar, qırmızı vərəqə alanlar, texniki heyətlər və rəsmi şəxslər istisna olmaqla) daxil olarsa və bu zaman qol vurularsa, meydana daxil olan kənar şəxs müdafiəçinin qarşısını kəsmədiyi və topa müdaxilə etmədiyi halda, qol qeydə alınacaq.
Bu dəyişikliklərdən əlavə, Superliqada legioner sayı məsələsi müzakirə edilib. Elita təmsilçilərinə legioner transfer etmək üçün qoyulan limit yenə 14 olaraq qalacaq. Bu göstəricinin 2017/2018 mövsümündə dəyişdiriləcəyi istisna edilmir.
Avropa çempionatından sonra yığmadakı karyerası sual altında olan Fatih Terimin isə postunda saxlanılmasına qərar verilib.