cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Qarabağ" pley-off mərhələsini keçərsə Ermənistan təmsilçisi ilə bir qrupa düşə bilər? - Maraqlı TARİX

15.08.2019 17:09 Oxundu 660

Xəbər verdiyimiz kimi, Azərbaycanın "Qarabağ" komandası UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kiprin APOEL komandasına uduzduqdan sonra mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
Cempion.az Yeniavaz.com-a istinadən xəbər verir ki, "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində çərçivəsində 22 və 29 avqust tarixlərində Şimali İrlandiyanın "Linfild" komandası ilə qarşılaşacaq.
Maraqlı məqamlardan biri odur ki, bu il Ermənistan tarixində ilk dəfə olaraq bu ölkəni təmsil edən "Ararat-Ermənistan" klubu da UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. "Ararat-Ermənistan" UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində SOCAR-ın baş sponsor olduğu Gürcüstanın "Saburtalo" komandasına qalib gəlib. "Ararat-Ermənistan" pley-off mərhələsinə Lüksemburqun "F91 Düdelanj" komandası ilə qarşılaşacaq.
Əgər "Qarabağ" və "Ararat-Ermənistan" klubları pley-off mərhələsini qalibiyyətlə yekunlaşdırarlarsa o zaman UEFA Avropa Liqasının qrup mərhələsində üz-üzə gələ bilərlər.
Bildiyimiz kimi, UEFA Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazanan komandalar UEFA-nın açıqladığı  klub reytinq xallarına əsasən 4 səbətə bölünürlər. Eyni səbətdə yer alan komandaların bir qrupda oynamsı imkansız olur. Lakin qeyd edık ki, "Qarabağ" və "Ararat-Ermənistan" komandalarının reytinq xalları arasında böyük fərq olduğu üçün onların eyni səbətdə yer alması mümkün deyil. Buna görə də "Qarabağ" və "Ararat-Ermənistan" klublarının qrup mərhələsində qarşılaşma ehtimalı yüksəkdir.
Qeyd edək ki, "Qarabağ"la bərabər Azərbaycanın "Neftçi" komandası da UEFA Avropa Liqasında mübarizə aparır. Əgər "Neftçi" komandası da UEFA Avropa Liqasının qrip mərhələsinə adlayarsa, onun "Ararat-Ermənistan" klubu ilə qarşılaşması baş tutmaya bilər. Çünki "Neftçi"nin reytinq xalları "Qarabağ"la müqayisədə az olduğu üçün "Ararat-Ermənistan" klubu ilə eyni səbətdə yer ala bilər.
"Qarabağ" və "Ararat-Ermənistan" eyni qrupa düşərsə o zaman bu oyunlar necə və harada keçirilə bilər?  Qeyd edək ki, futbol üzrə Azərbaycan və Ermənistan milli komandaları 2008-ci ildə Avropa Çempionatının seçmə mərhələsində eyni qrupda yer alıblar. A qrupunda yer alan Azərbaycan və Ermənistan milli komandalarının 8 və 12 sentyabr 2007-ci il tarixlərində keçirilməli olan oyunları qarşılıqlı razılıq əsasında ləğv olunub.
Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan milli komandaları ilk dəfə 1926-cı ildə Tblisidə Zaqafqaziya Kuboku çərçivəsində görüşüblər. Həmin oyun Azərbaycan SSR-nin 4:0 hesablı üstünlüyü ilə başa çatıb. Bundan başqa Zaqafqaziya Kuboku çərçivəsində Azərbaycan SSR  və Ermənistan SSR-nin milli komandaları daha 4 dəfə üz-üzə gəliblər. 1927-ci ildə baş tutan görüş 6:0, 1928-ci ildə baş tutan oyun 4:0, 1934-cü ildə baş tutan oyun 3:0, 1935-ci ildə baş tutan oyun isə yenə də 3:0 hesab Azərbaycanın qələbəsilə başa çatıb.
Daha bir oyun 1956-cı ildə Moskvada baş tutub və bu dəfə Ermənistan SSR-nin 3:0 hesablı qələbəsilə yekunlaşıb. 1983-cü ildə Ryazanda keçirilən oyun isə Ermənistan SSR-nin 1:0 hesablı qələbəsilə başa çatıb.
Müstəqillik dövründə isə milli komandalar arasında ilk görüş 19 yaşlı gənclər arasında keçirilib. Hər iki ölkənin "U-19" milli komandası 2004 və 2006-cı illərdə qarşılaşıblar.  Oyunların biri 1:1 hesabı ilə, digəri isə 2:1 hesabı ilə Azərbaycanın xeyrinə başa çatıb.
Daha bir oyun isə "U-17" milli komandaları arasında  2005-ci ildə İsraildə olub və azərbaycan komandası 3:0 hesabı ilə qələbə qazanıb.
Müstəqillik dövründə isə hər iki ölkənin klubları arasında 3 görüş olub. "Neftçi" Moskvada 2 dəfə "Pünik" ilə, "İnter" isə "Mika" ilə Sankt-Peterburqda qarşılaşıb.
2008-ci ildə isə hər iki ölkənin futzal üzrə milli komandaları Çexiyada üz-üzə gəlib və 9:1 hesabı ilə Azərbaycan yığmasının xeyrinə başa çatıb.