bazar, 06 iyul 2025

BİZİM FUTBOL

"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb

15.08.2019 23:43 Oxundu 583


"Oyun istədiyimiz kimi getmədi. Rəqib bütövlükdə yenə müdafiə olundu". 

Bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin İsraildə "Bney Yehuda"ya 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. 

İtaliyalı mütəxəssis məğlubiyyətdə özümü günahlandırıb: "Məncə, komandama nəyisə çatdıra bilmədim ki, daha ürəklə döyüşsünlər. Çatışmayan cəhətləri dəyişmək lazımdır. Oyunçulara tapşırmışdım ki, səbirli olsunlar. Buna rəğmən, qapımızdan erkən qol buraxdıq. Sonradan isə anlaşılmazlıqdan daha bir qol vurdular. Çalışırdıq ki, oyun istədiyimiz kimi getsin. Amma rəqib müdafiə olunur, boşluqlar buraxmırdı. Biz isə uzun ötürmələrdən yararlanmağa çalışırdıq. Amma bu, alınmadı. Artıq Premyer Liqa start götürür. Bəzi dəyişikliklər etmək lazımdır". 

R. Bordin komandasında hücumlar zamanı panika yaşamaları fikri ilə razılaşmayıb: "Qol buraxan komandanın dönüş yaratmaq istəyi normaldır. Biz də buna çalışırdıq. Mərhələ keçməmək üzücüdür. Buna çox inamım var idi. Çalışmalıyıq ki, özümüzü motivasiya edək və çempionata yaxşı başlayaq". 

Baş məşqçi ilk matçla müqayisədə rəqibin daha dərindən müdafiə olunduğunu bildirib. Vangelis Platellas və Rəhman Hacıyevi cinahlardan asmalar etdiyi üçün irəli buraxdığını söyləyib.

Qeyd edək ki, ilk görüşdə oyun 2:2 hesabı ilə heç-heçə oynayan "Neftçi" Avropa Liqası ilə vidalaşıb.